Lənkəranda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Lənkəranda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin konfrans zalında rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov başda olmaqla rayon rəsmiləri, ağsaqqalları, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, rayon Ağsaqqallar Şurasının sədr müavini Mirhaşım Talışlı, Vilvan kəndinin ağsaqqalı İlyas Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə və başqaları çıxış edərək rayonda aparılan geniş tikinti, abadlıq, quruculuq işlərindən razı qaldıqlarını, dövlətin dəstəklənməsi kimi son dərəcə mühüm işdə lənkəranlıların həmişə öndə getdiyini diqqətə çatdırıblar.Çıxışçılar həmçinin rayonda ağsaqqal sözünə həmişə və hər yerdə böyük dəyər və önəm verildiyini bir daha vurğulayaraq eyni zamanda son günlər respublikamızın bəzi yerlərində baş verən xoşagəlməz hadisələrdən narahatlıq keçirdiklərini diqqətə çatdırıb və hamını sapı özümüzdən olan baltaların fitnə-fəsadına, məkrli niyyətlərinə uymamağa çağırıblar.

Konfransda çıxış edən ŞİH başçısı Taleh Qaraşov Lənkəranda ağsaqqallara göstərilən böyük hörmət və izzət hissindən məmnun olduğunu bildirməklə ağsaqqal sözünə və məsləhətinə həmişə və bütün dövrlərdə böyük ehtiyac olduğunu vurğulayıb.

İştirakçılar tərəfindən konfransın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Konfransda həmçinin 25 nəfərdən ibarət yeni tərkib və qarşıdakı Respublika Ağsaqqallar Şurasının qurultayına 2 nəfərdən ibarət nümayəndə seçilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə