Qrant və ianələri qeyri-rəsmi alanlar cərimələnəcək

Qrant və ianələri qeyri-rəsmi alanlar cərimələnəcək

Azərbaycanda qrant və ianələri qeyri-rəsmi almağa görə cərimələr müəyyənləşib. SİA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

Məcəllənin 223-cü maddəsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar.

Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər isə 8000 manatdan 15 min manatadək miqdarda cərimə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə