İctimai iştirakçılıqla bağlı yeni qanun

Azərbaycanda ictimai iştirakçılıqla bağlı yeni qanun qəbul olunacaq. SİA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculğu komitəsinin bu gün keçirilən iclasında yeni "İctimai iştirakçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.

Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.

Layihə müəllifi, deputat Azay Quliyev iclasda bildirib ki, qanun vətəndaşların icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyə, onlarla səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə, bu qurumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət edəcək. Quliyevin sözlərinə görə, qanun dövlətin idarə olunmasında ictimai iştirakçılığın mexanizmini müəyyənləşdirəcək. O, müvafiq qurumlardan rəy alındığını da bildirib.

İclasda komitə üzvləri layihəni konseptual baxımdan dəstəkləyərək bəzi təkliflər irəli sürüblər. Komitə sədri Əli Hüseynli isə qanun layihəsinin geniş ictimai müzakirələrinin aparılmasının vacibliyini vurğulayıb.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...