"Bu, onun çalışdığı media qurumunun bitərəfliyinə xələl gətirir” MÜNASİBƏT

"Bu, onun çalışdığı media qurumunun bitərəfliyinə xələl gətirir” MÜNASİBƏT

"Kimliyindən asılı olmayaraq, heç bir azərbaycanlı vətəndaşı qanunsuz aksiyalarda iştirak etməməlidir. Avropanın ən aparıcı ölkələrində qanunvericiliyin yol vermədiyi hərəkətlərin qarşısı birmənalı şəkildə dövlət qurumları tərəfindən alınır". Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə bəzi jurnalistlərin qanunsuz aksiyalarda iştirak etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları qanunla müəyyən olunmamış aksiyalarda iştirakdan imtina etməlidir: "Təəssüflər olsun ki, qanunsuz aksiyalarda jurnalistlərin də iştirakına rast gəlirik. Təbii ki, jurnalistlər Mətbuat Şurasının təyin etdiyi gödəkcələrdə və hər hansı təhlükəsiz yerlərdə və icazəli aksiyaları müşahidə edə bilərlər. Lakin aksiyada iştirak edən jurnalistlərin bəziləri gödəkcəsiz olurlar. Bu da təbii ki, yolverilməz haldır. Belə hərəkət jurnalistika peşəsinə xələl gətirir".

"Hər bir jurnalist peşə fəaliyyətinə vicdanla yanaşmalıdır. Elə media nümayəndələri var ki, ancaq dar məqamlara düşdükdə jurnalist adından istifadə edirlər. Bütün jurnalistlər digər Azərbaycan vətəndaşları kimi qanun qarşısında bərabər hüquqlara malikdir. Jurnalist əgər peşə fəaliyyətini yerinə yetirirsə, o zaman müəyyən olunmuş qaydada öz işini yerinə yetirməlidir",- deyə Mətbuat Şurasının İdarə Heyətinin üzvü fikirlərinə əlavə edib.

Məsələ ilə bağlı fikirlərini bölüşən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə qanunsuz aksiyalarda ön sıralarda iştirak edən Azadlıq radiosunun müxbiri Xədicə İsmayılova haqqında danışıb. O bildirib ki, bu mövzuda onunla danışıb: "Artıq bu barədə Xədicə ilə danışmışam. Onun dediyinə görə o, aksiyalara jurnalist kimi yox, adi vətəndaş kimi qatılıb. Bütün bunlara baxmayaraq, bu ona əsas vermir ki, həftə sonu istirahət günü olsa belə beynəlxalq media qurumunun üzvü olaraq aksiyalarda etirazçı kimi iştirak etsin. Bu onun çalışdığı media qurumunun bitərəfliyinə xələl gətirir".

Bütün xəbərlər Facebook səhifəmizdə