Ata oğlunun qatilini axtarır

İki oğlu yaralanan, üçüncüsü isə öldürülən Xamiyev Dədəbəy baş prokurora məktub ünvanlayıb

Ötən ilin mart ayının 2-də baş verən hadisə Xamiyevlər ailəsinə bədbəxtlik gətirdi. Dədəbəy Xamiyevin üç oğlu 5-6 nəfərlə aralarında yaranmış münaqişə nəticəsində qanlarına bələndilər. Qardaşlardan ikisi ağır bıçaq yarası alsalar da sağ qaldılar, üçüncüsü isə çoxsaylı bıçaq yarasından dünyasını dəyişdi. Bundan sonra məhkəmələr başlandı. Davada iştirak edənlərin sayı çox olsa da müttəhimlər kürsüsündə yalnız iki nəfər oturdu. Bıçaqlanan qardaşların ataları Dədəbəy isə hələ də ədalət axtarışındadır. Bunun üçün Respublikanın baş prokuroruna məktub ünvanlayıb. Həmin məktubdan bəzi hissələri təqdim edirik:

Hörmətli Baş prokuror, mənim oğlum Xamiyev Orxan 2 mart 2012-ci il tarixdə yaşadığımız Qaraçuxur qəsəbəsi N. İsmayılov küçəsi 5 saylı binanın arxasında mütəşəkkil cinayətkar dəstəyə başçılıq etmiş Mirzəyev Emin Maqsud oğlu və Abbasov Cəfər Mobil oğlu və onların qoçuları Knyazlı Knyaz Böyükağa oğlu, Eminov Anar Azər oğlu, Bəxtiyarov Hüseyn Əlixan oğlu və Çobanov İlkin İntizam oğlu tərəfindən amansızcasına (9 bıçaq zərbəsi nəticəsində) qətlə yetirilmiş, digər oğlum Xamiyev Fərrux və Xamiyev Kamran bıçaq xəsarətləri alıblar.

Hörmətli Baş prokuror, məhkəmə tərəfindən yalnız Eminov Anar Azər oğlu, Knyazlı Knyaz Böyükağa oğlu, Mirzəyev Emin Maqsud oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılır. Məhkəmə baxışı zamanı şahid ifadələri və zərərçəkən Xamiyev Fərrux və Xamiyev Kamran Mirzəyev Eminin Xamiyev Fərruxu bıçaqla vurmasını göstərsələr də buna məhəl qoyan olmadı.

Bundan başqa, işdə iştirak edən dövlət ittihamçısı Xamıyev Kamranı başının arxasından Bəxtiyarov Hüseyn Əlixan oğlunun vurması barədəki şahid ifadələrinə, Abbasov Cəfər Mobil oğlunun hadisədə əlində bıçaq olması və digər hallara biganəlik göstərməsi və onlar barəsində cinayət işinin ayrılaraq istintaq orqanlarına göndərilməsi barədə vəsatət vermir və bizim bu barədə verdiyimiz vəsatətləri etinasızlıq göstərərək müdafiə etmir.

Hörmətli baş prokuror mənim bir oğlumu - Xamiyev Orxanı öldürən, oğlanlarım Xamiyev Fərruq və Xamıyev Kamran bıçaqlarla vurub zədələyən 6 nəfərdən 2 nəfər: Eminov Anar və Knyazlı Knyaz tutulmuş, cinayətin təşkilatçısı (sifarişçisi) Mirzəyev Emin Maqsud oğlu məhkəmədə heç bir cinayət törətməmiş kimi camaatın içində oturub. Digər təşkilatçı Abbasov Cəfər şahidlik edir, Hüseyn və İlkin isə ittihamdan kənarda saxlanılaraq mənə göz dağı verirlər.

Hörmətli baş prokuror sizdən cinayətin sifarişçisini, təşkilatçılarını və icraçıları barədə qanuni tədbir görülməsi barədə göstəriş verməyinizi xahiş edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə