MTN əməliyyat keçirib

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib.

Onlardan ümumilikdə 15 kiloqram 400 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Samid Tağıyev 1 kiloqram 143 qrama yaxın narkotik vasitə olan heroin, Həsənağa Hüseynovdan 7 kiloqramdan artıq həşiş və 496 qrama yaxın heroin, Habil Əliyevdən 5 kiloqram 733 qrama yaxın narkotik vasitə olan tiryək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Nahid Feyziyev milliyətcə azərbaycanlı, Rusiya Federasiyasının vətəndaşları - İqbal Məmmədov, Aydın Ağayev, Namiq Ağayev və Azad Rufullayev Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərində saxlanılıb.

Keçirilən baxış nəticəsində onlardan narkotik vasitə olan 1 kiloqram heroin aşkarlanaraq götürülüb. Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları cəkilən şəxslər barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə