Prezident Tacikistanın yeni səfirini qəbul edib

Prezident Tacikistanın yeni səfirini qəbul edib

Prezident İlham Əliyev bu gün Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib. Görüş zamanı dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsinə dair məsələlərin müzakirəsinin önəmini qeyd edib və həmin səfəri ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb. Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

İkitərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Tacikistanlı diplomat ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Dövlət başçısı prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə