Paruyr Ayrikyana atəş kimdən açılıb?

Paruyr Ayrikyana atəş kimdən açılıb?

ABŞ-ın və Avropanın bəzi dövlətlərinin "şirniquş"a çevirdiyi, demokratiyanın, söz azadlığının çiçəkləndiyi haqda boğazdan yuxarı danışdıqları Ermənistanda vəhşilik törədilib. Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan İrəvanın düz mərkəzində güllə yağışına tuş gəlib.

Yaralının gətirildiyi "Surb Qriqor Lusavoriç" tibb mərkəzindən bildiriblər ki, Ayrikyanın vəziyyəti stabildir və o danışa bilir. Mərkəzin direktoru Ara Minasyan bildirib ki, qəlpələrin çıxarılması üçün cərrahiyyə əməliyyatı aparılacaq. Bu məlumatlar yerli vaxtla gecə satlarında KİV verilib.

Məlumatda qeyd edilir ki, Ayrikyana qarşı silahlı hücum 31 yanvar tarixində, təxminən 23:30 radələrində öz evinin qarşısında baş verib. Həkimlər bildiriblər ki, Ayrikyanın yarası, həkimlərin dili ilə desək "kor yaradır", yəni heç bir orqan üçün təhlükə törətməyən, yalnız yumşaq toxumanı zədələyən yaradır.

Ermənistanın polis rəisi general leytenant Vladimir Qasparyan söz verib ki, cinayət işinin açılması üçün bütün səylərini səfərbər edəcək. Ölkənin Milli Təhlükəsizlik Xidmətində də operativ qərargah yaradılıb. Bütün versiyalar araşdırılır. İlkin məlumata əsasən, Paruyr Ayrikyan aftomobilindən çıxarkən ona arxadan iki dəfə atəş açılıb. Güllələrdən biri onun sağ körpücük sümüyünə dəyib, ikinci gülləni isə polis hadisə yerində aşkar edib. Gilizlər hadisə yerində aşkar olunmayıb, bu da onu deməyə əsas verir ki, cinayətkar "Naqan" tipli tapançadan istifadə edib.

Hadisə baş verəndən dərhal sonra prezident seçkilərinin təxirə salınacağı barədə söz-söhbətlər yayılmağa başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan isə açıqlamasında bunun heç bir əsasının olmadığını deyib: "Hələlik namizədin sağlıq durumu öyrənilir. Ondan sonra məsələyə münasibət bildiriləcək".

Hələlik isə istintaq qrupu ilə bərabər qeyri-rəsmi mənbələrin də məlumatları, ehtimalları cəmiyyətdə dolaşmaqdadır. İlkin versiya kimi Sarkisyan hakimiyyəti hədəfə alınıb. 2008-ci ildə martın 1-də İrəvanın mərkəzində seçkilərin saxtalaşdırılmasına qarşı etiraz aksiyaları keçirənlərə odlu silahlarda atəş açan, 10-dan çox erməninin ölümünə səbəb olan da Sarkisyan idi. Bunu İrəvan sakinləri hələ unutmayıblar. İqtidarın özünü cinayətkarı axtarırmış kimi göstərməsi bu rejimin nə qədər təhlükəli olduğunu ortaya qoyur. Artıq Sarkisyana rəqib olan namizədlərin qərargahlarından "istefa" çağırışları daha güclü eşidilməkdədir.

Odur ki, sui-qəsd kimi ölümə cəhd metodları Sarkisyan hakimiyyətinin ifasında hələ çox olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə