DSX-nin uğurlu əməliyyatı

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən yanvar ayı ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Transsərhəd cinayətkar qruplarının zərərsizləşdirilməsi nəticəsində dövlət sərhədindən qanunsuz keçirilmiş 37 kq 232 qram narkotik maddə aşkar olunaraq götürülüb.

Yanvarın 1-də "Astara" sərhəd nəzarət məntəqəsində İrandan Azərbaycana daxil olan Astara rayon sakini Şakir Salmanovun üzərindən 22 qram heroin və 5 qram həşiş qətranı aşkarlanaraq götürülüb.

Yanvarın 3-də Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirən 2 nəfər silahlı şəxsin qarşısı alınıb. Sərhəd naryadına qarşı silahlı müqavimət göstərən sərhəd pozucuları əllərindəki qaçaqmalı hadisə yerinə ataraq geri qaçıblar. Hadisə yerindən ümumi çəkisi 8 kq olan narkotik vasitə (2 kq heroin, 4 kq tiryək və 2 kq həşiş) götürülüb.

Yanvarın 8-də isə Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitə keçirmiş 3 nəfərdən ibarət silahlı qrupun qarşısı alınıb. Cinayətkarlar tərəfindən sərhəd naryadına qarşı silahlı müqavimət göstərilməsi nəticəsində DSX-nin bir hərbi qulluqçusu xəsarət alıb. Həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Cəlilabad rayon sakini Faiq Mərdalıyevin üzərindən 20 kq heroin və 5 kq tiryək aşkar edilərək götürülüb.

Yanvarın 20-də Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana 1 kq heroini qanunsuz gətirmiş Cəlilabad rayon sakini Fuad Əliyev saxlanılıb.

Yanvarın 27-də isə Yardımlı rayonunun Perimbel kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan külli miqdarda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb. Hadisə yerindən 7 min ədəd "Kent" markalı siqaret aşkarlanaraq götürülüb.

Qeyd olunan cinayət hadisələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müvafiq cinayət işləri başlanıb. Saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə