215 işin nəticəsi...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi keçən il ərzində meşələrin artırılması, bərpası və mühafizəsi sahəsində görülən işlərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Meşələrin İnkişafı Departamenti tərəfindən 2012-ci il ərzində 10528 hektar sahədə meşə-bərpa tədbirləri, o cümlədən 3078 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib.

Meşə əkinlərinin becərilməsi məqsədilə 35692,1 hektar sahədə xidmət, 35969 hektar sahədə suvarma işləri aparılıb. Müxtəlif ağac və kol cinslərindən 179854 kq toxum tədarük edilib. Həmçinin, tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 82,62 hektar sahədə toxum səpilib, böyütmə şöbələrində 74,9 hektar sahədə 2936 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 16,3 hektar sahədə 757 min ədəd çilik basdırılıb.

Respublikanın meşə mühafizə işçiləri tərəfindən 2012-ci il ərzində 147632 manat köküstə nırx dəyərində 22323 m³ həcmində qanunsuz qırıntılar aktlaşdırılıb və qanuna müvafiq tədbirlər görülüb. Hesablanmış 147632 manat ziyanın 108216 manatının ödənilməsi təmin olunub. Təqsirkarlar barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün 215 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə "Yanğın təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun olaraq bir sıra qabaqlayıcı zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ciddi meşə yanğınları baş verməyib. Belə ki, ötən il ərzində ümumilikdə 9,97 hektar sahədə meşə yanğını hadisəsi baş versə də, meşə fonduna əsaslı ziyan dəyməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə