Ordu bəyanatına qoşulanların sayı 10 min nəfəri keçib

Ordu bəyanatına qoşulanların sayı 10 min nəfəri keçib

General-leytenant Yaşar Aydəmirov başda olmaqla bir qrup hərbi qulluqçunun qəbul etdiyi bəyanata qoşulanların sayı artır. Yanvarın 30-da Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bəyanata bu günədək 10 min 805 hərbici qoşulub.

Bəyanat yanvarın 26-da qəbul olunub. Həmin vaxt bəyanatı 150-dən çox hərbiçi imzalamışdı.

Bəyanatında deyilir ki, Azərbaycan ordusunun inkişafı daxildəki bəzi üzdəniraq ünsürləri narahat etməyə başlayıb: "Münasibətimiz bir qədər sərt səslənsə də, ancaq deməliyik ki, onların gerçəkdən uzaq fikirləri, orduya qarşı anlaşılmaz hücumları qarşısında başqa ifadələr tapmaqda çətinlik çəkirik.

Hazırda açıq dünyada yaşayırıq. Bu şəxslər unudur ki, onların hər hansı yanlış və uydurma mülahizələrindən düşmən məharətlə istifadə edir. Bunlar kimə lazımdır? Nə üçün adlarını hərbi ekspert qoyan bəzi adamlar bu cür anti-milli və anti-dövlət çağırışlara imza atırlar?! Biz buna çox üzülürük. Axı ordumuz onların qələmə verdiyi şəkildə deyil. Son illər baş verən tərəqqini görməmək və yaxud görüb qiymətləndirməmək ən bağışlanılmaz haldır".

Daha sonra bəyanatda vurğulanır: "Orduya qara yaxanları bu cür mənfur niyyətlərdən əl çəkməyə və zabit korpusu adından yalan danışmamağa çağırırıq. Üzdəniraq "ekspertlərin" düşmən dəyirmanına su tökmələri, nəhayət, yetər! Vaxtilə ordudan rüşvət, müxtəlif əliəyriliklər üstündə qovulan və zabit adına yaraşmayan hərəkətlərə görə rütbəsi aşağı salınanların qışqırmağa, şüarlar səsləndirməyə qəti haqları yoxdur. Biz o adamları yaxşı tanıyırıq və vaxtı ilə necə xidmət etdiklərinə də yaxından bələdik".

Bütün xəbərlər Facebook səhifəmizdə