Rus icmasına rəhbərlik edən deputat Mixail Zabelin müraciət yayıb. Müraciətdə deyilir ki, İsmayıllının İvanovka kəndi Cənubi Qafqaz ərazisində rus millətindən olan nümayəndələrin yığcam yaşadığı yeganə kənddir: "Kənd sakinlərinə normal münasibət bəslənir, bəzi mənbələrdə yazıldığı kimi, biz heç vaxt heç bir sıxışdırma və ayrı-seçkilik hiss etməmişik və etmirik. Bütün postsovet məkanında olduğu kimi Azərbaycanda da müəyyən iqtisadi və sosial problemlər var, lakin biz onları birlikdə həll edirik. Onları siyasiləşdirməyə və şişirtməyə çalışmaq lazım deyil. Həmin mənbələrdə göstərilən faktlar mövcud olsaydı, ruslar bir vaxtlar Ermənistanı tərk etdikləri kimi Azərbaycanı çoxdan tərk edərdilər.
Bütün aləm təsdiq edir ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir və biz öz təcrübəmizdə bunu təsdiq edirik, çünki özümüzə qarşı heç bir təzyiq və ayrı-seçkilik hiss etmirik. Biz Azərbaycan xalqı ilə dostluq və mehribanlıq şəraitində yaşayırıq və necə deyərlər, bulanıq suda balıq tutmaq həvəskarlarından xahiş edirik ki, bundan sonra münasibətlərimizdə suyu bulandırmasınlar".
AzərTAc-da yanvarın 29-da yayılan başqa bir məlumat İsmayıllı Rayon İcra Hakimiyyətinə məxsusdur. Məlumatda deyilir: "Bu gün Rusiya Federasiyasının və Azərbaycanın bəzi kütləvi informasiya vasitələri guya İsmayıllı rayonunda yaşayan rus əhalinin, konkret olaraq İvanovka kəndinin sakinlərinin sıxışdırılması, onların hüquqlarının pozulması barədə həqiqətə uyğun olmayan, tam yalan və qərəzli məlumat yayıblar. Bununla əlaqədar bildiririk ki, Azərbaycan xalqı həmişə öz tolerantlığı ilə seçilib, ölkəmizdə mövcud olan birgəyaşayış modeli bütün dünyada nümunə kimi qəbul olunub. Müxtəlif maraqlı dairələrin belə dezinformasiyalarla Azərbaycanda və ya onun ayrı-ayrı bölgələrində vəziyyəti gərginləşdirmək, milli ayrı-seçkilik toxumu səpmək cəhdləri heç vaxt baş tutmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB