Azərbaycanda tarixi abidələrlə zəngin rayonlardan biri də Lənkərandır. ən az tədqiq olunan abidələrdən biri də rayonun Bəlləbur kəndi ərazisində yerləşən qədim Sığon qəbiristanlığıdır. "Sığon" talış dilində "daşlar" deməkdir... Çox söhbətlər, rəvayətlər eşitmişdim bu daş qəbirlər haqqında. Lakin Bəlləbur qala-istehkamın bir neçə yüz metrliyində yerləşən bu tarixi məkana, nədənsə, ayaq basmamışdım. Axtardığım ədəbiyyatlarda, resurs mənbələrdə də bu haqda istədiyim məlumatları ala bilməmişdim. Bütün dünyada belə qədim ünvanlara sonsuz maraq olduğu halda, tariximizə bu laqeydlik haradandır axı?.. Tutaq ki, Bəlləbur qalası ağaclarla örtülmüş bir ucalıqda yerləşir, tədqiqat işini çətinləşdirən təbii coğrafi mövqeyə malikdir ( Lakin mən belə düşünmürəm-red). Bəs, Sığon? Bu ki, düzən bir ərazidə, Lənkəran şəhərinin 7-8 km-də yerləşir... "Yaşıl çay" jurnalının sahibi Araz Yağubov, fototoqrafımız Asif İbadzadə ilə birgə soraqlaşa-soraqlaşa şəxsi həyətlərin arasında itib-batmış qədim ərazini axtarıırıq.
Arada Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin mühafizi Vamiq Babayevlə zəngləşib ərazinin yerini dəqiqləşdiririk. V.Babayevdən öyrənirik ki, dövlət tərəfindən qorunan ərazi baxımsız vəziyyətdədir. Necə deyərlər, bağa baxarsan... Nə isə... Kol-kos basmış əraziyə çatırıq. Araz müəllim bura niyə gəldiyimizi soruşur: Axı, burada ki, heç nə gözə dəymir. Lakin ərazini gəzdikcə, o da heyrətini gizlədə bilmir. Kollar arasında gizlənmiş tarixi, yaşı bilinməyən azman daşları gördükcə hamımızı heyrət bürüyür. Ayrı-ayrı ölçüdə olan daşlar müxtəlif istiqamətlərdə düzülüb. Bir neçəsi qəbir formasında yerləşdirilib. Qədim qəbiristanlıq Qala ətrafında yerləşir. Son tunc və ilk dəmir dövrünə aiddir. Daş qəbirlər o qədər böyükdür ki, buraya "Divlər qəbirstanlığı" da deyilir. Burada daş qəbirlər mədəniyyəti tam olaraq araşdırılmayıb. Sığon eyni zamanda "ruhların sığındığı yer" kimi də izah edilir. Bəlləbur qala istehkamı ilə Sığonu nə birləşdirir? Axı aralarında cəmi 100-200 metr məsafə var? Buradakı qəbirlər vaxtilə xarici yadellilərə qarşı döyüşlərdə həlak olan əskərlərin qəbri olmaya? Lakin müvafiq ədəbiyyatlarda bu barədə heç bir məlumata rast gəlməsək də, şəxsi qənaətimə görə, Sığonla Qala arasında üstü hələ də açılmamış möhkəm bağlılıq mövcud olub.
Tarixçi-etnoqraf Həşim Kəlbiyev bildirir ki, Sığon məzarlığı islamdan xeyli əvvələ, e.ə 7-5-ci əsrlərə aiddir. Lakin bu günə kimi ərazidə yerli tarixçilər tərəfindən heç bir arxeoloji qazıntı işləri aparılmayıb. 3000 ildən artıq tarixi olan Sığon-daşlar qəbiristanlığı rayonun Bəlləbur və Lüvəsər kəndləri ərazisində yerləşir. Vaxtilə 2 hektardan artıq sahəyə malik olsa da, indi bu tarixi ərazidən kiçik bir hissə qalıb. Çünki, ötən əsrin 90-cı illərində bu ərazi kənd sakinlərinə fərdi yaşayış evlərinin tikilməsi üçün paylanılıb. Həmin dövrə qədər Sığon qəbiristanlığında 150 daş məzar olsa da, hazırda ərazidə 30 məzar qalıb. Olduqca az bir qismi qorunub saxlanılan daş məzarların yerləşdiyi məkan açıq səma altında tarixi muzeydir. Buradakı məzarların uzunluğu digər məzarlardan 1-2 dəfə böyük olması ilə seçilir. El arasında buraya "Divəlonə" (talış dilində) "Divlər yuvası" da deyirlər.
Hazırda Sığon bir neçə sot ərazidə qalıb. Ətrafı şəxsi həyət evləridir. Çoxu da son illər tikilmiş evlərdir. Yerli əhalinin sözlərinə görə, yaxın keçmişdə Sığon qəbiristanlığı bir neçə hektar sahəni əhatə edirmiş. İndisə Sığon özünə sığınıb. Kiçildikcə, daraldıqca qorxmuş, hürkmüş qəfəsin küncünə sığınmış xəstə bir çöl quşuna bənzəyir Sığon.
Qeyd edək ki, uzaq keçmişimizdən soraq verən Sığon daş qutu nekropolu 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə qeydiyyata alınıb, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur. Şəhərin mərkəzində olan əksər tarixi abidələr yenidən restavrasiya olunsa da, kəndlərdə olan tarixi abidələr sıradan çıxmaq üzrədir. Tarixi Sığon qəbiristanlığı da məhv olmaq üzrə olan abidələr sırasındadır.
H.Kəlbiyev həmçinin bildirib ki, ərazidə yalnız 1890-cı ildə fransız tədqiqatçısı Jak de Morqan tərəfindən arxeoloji qazıntı aparılıb. 1901-ci ildə tədqiqatçı Henri ilə birlikdə yenidən buraya qayıdan Morqan müxtəlif vasitələrlə kənd sakinlərini qəbirləri qazmağa cəlb edib. Tədqiqatçı buradan tapılan nadir əşyaları özü ilə birlikdə Fransaya aparıb.
Qeyd edək ki, Sığon qəbiristanlığından tapılan maddi-mədəniyyət nümunələri hazırda Fransanın San-Jermen və Luvr muzeylərində saxlanılır. Bir sözlə, qədim tariximizin daş tarixçəsi olan gözümüzün önündə günbəgün kiçilən, əriyən Sığon qəbiristanlığı öz tədqiqatçısını gözləyir.
Sərraf Mirsəfəroğlu, jurnalist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB