UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakiə edilib FOTO

UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakiə edilib FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovla BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzər Nümayəndəliyinin rəhbəri Mark Herevard arasında görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir F. Ələkbərov bildirib ki, görüşdə məqsəd nazirliklə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında uşaqlara qayğı sistemində islahatlara dair 2012-2013-cü illər üzrə iş planının icrası, eləcə də nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsinin aparılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində ötən il həyata keçirilən tədbirlərin müzakirə edilməsidir.

Nazir çıxışında həmçinin Prezident İlham Əliyevin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamından söz açaraq, bu sənədin ölkəmizdə uşaqların müdafiəsinə dövlət başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilməsinin bariz nümunəsi olduğunu bildirib.

UNİCEF-in Azərbaycan üzər Nümayəndəliyinin rəhbəri Mark Herevard isə sərəncamın Azərbaycanın uşaq hüquqları sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası istiqamətində əhəmiyyətli rol oynayacağını vurğulayaraq, onun həyata keçirilməsində UNİCEF tərəfindən ekspert dəstəyinin göstərilməsini təklif edib.

Qeyd edək ki, görüş zamanı nazirliklə UNİCEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesinə göstərdiyi dəstəyə görə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin işi xüsusi vurğulanıb. Görüşün sonunda nazirliklə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə