Müxalifət ermənilərlə eyni mövqedən çıxış etdi

Müxalifət ermənilərlə eyni mövqedən çıxış etdi

Ağ Evin saytına Dağlıq Qarabağla bağlı ərizə vermək lazım gəldiyi halda, bəzi antimilli qüvvələr ermənilərlə eyni ərizə verərək Azərbaycanda guya "demokratiyanın olmadığı" haqda rəy formalaşdırmağa çalışırlar

Sosial şəbəkələrdə "petitions.whitehouse.gov" saytında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin 20 faizinin işğalçı Ermənistan tərəfindən zəbt olunmasını çatdırmaq və münaqişənin həlli ilə bağlı Azərbaycanın xeyrinə səs vermək üçün elektron kampaniya həyata keçirilir. Qeyd edək ki, bu sayt ABŞ-ın Ağ Evinin saytıdır. Saytda "Create Account" yerinə basıb özünüz haqqında məlumatları qeyd etmək lazımdır. Bundan sonra sayt sizin e-mailə parol göndərir və həmin parolla "Sign in" yerinə basıb bu məsələ ilə bağlı ərizəyə imza atırsınız.

Qeyd edək ki, həmin saytda bəzi bizdən olanlar var ki, onları deyəsən, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu barədə Azərbaycanın haqlı mövqeyi, mənafeyi maraqlandırmır. Buna görə də onlar Azərbaycan dövləti əleyhinə həmin saytda ərizə verməyə cəhd edirlər. Belə ki, bir qrup müxalifətçi Dağlıq Qarabağla bağlı ərizə verməkdən yayınaraq guya Azərbaycanda "demokratiya olmadığı" ilə bağlı sayta ərizə ilə müraciət edirlər. Xüsusilə bildirək ki, hazırda ermənilər də məhz bu cür "Azərbaycanda demokratiyanın olmaması" ilə bağlı ərizə yerinə müraciət edirlər ki, Azərbaycanla bağlı mənfi imic formalaşsın. Belə olduğu təqdirdə həmin müxalifətçilərlə ermənilərin eyni mövqedən çıxış etdikləri bəlli olur. Buradan isə bir daha həmin müxalifətçilərin antimilli mahiyyəti bəlli olur. Halbuki Ermənistanın milyondan çox azərbaycanlının hüquqlarını pozduğu, bu, azmış kimi, öz vətəndaşlarının da total şəkildə hüquqlarını pozduğu hamıya bəllidir. Bunu sübut etmək çətin deyil. Belə ki, hər gün külli miqdarda Ermənistan vətəndaşları Ermənistandakı mövcud rejimin antihüquqi, oğru dövləti olduğu barədə beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edirlər. Məsələn, belə bir müraciət qəzetimizin bugünkü sayında da var. Belə ki, Ermənistan sakini Asmik Ovannisyan insan haqlarının kobud şəkildə pozulduğu Ermənistandakı ağır durumla bağlı dünyaya müraciət edib. O deyib ki, Ermənistanda heç bir hüquq-müdafiə sistemi işləmir: "Ermənistanda ədalət məhkəməsi yoxdur. O, qalın maqma qatı ilə yerin min kilometr dərinliyində dəfn olunub. Onu çıxarmaq üçün güclü zəlzələ lazımdır. Ədalət məhkəməsi yoxdur, amma nazirliyi və naziri var. Onları haqsızlıq məhkəməsinin nazirliyi və naziri adlandırmaq olar". Görünən dağa nə bələdçi!?

Belə bir halda, biz, təbii ki, Azərbaycan mənafeyini müdafiə etməliyik. Bunu heç kim üçün yox, özümüz üçün edirik. Bütün azərbaycanlılar, o cümlədən xaricdəki diasporumuzun nümayəndələri yuxarıda adıçəkilən sayta daxil olaraq Ermənistan əleyhinə səs verməli, Azərbaycanın haqq səsi ilə bağlı mövqeyini gücləndirməyə yardımını əsirgəməməlidir. Burada hər bir soydaşımız işğal edilmiş torpaqlarımızın qaytarılmasını, Vətən uğrunda şəhid olmuş əsgərlərimizi, əsir düşmüş, işgəncə ilə öldürülmüş insanlarımızı düşünməli, haqqa səs verməlidir! Palitranews.az

İlkin AĞAYEV

Bütün xəbərlər Facebook səhifəmizdə