Asmik Ovannisyan: “Ermənistanda ədalət yoxdur»

Asmik Ovannisyan: “Ermənistanda ədalət yoxdur»

2010-cu ildə öldürülən Ermənistan ordusunun zabiti, leytenant Artak Nazaryanın anası Asmik Ovannisyan bəyanat yayıb. "Armenia Today" xəbər verir ki, bəyanat sülh şəraitində ölmüş hərbi qulluqçuların analarının mətbuat konfransında yayılıb.

Bəyanatda deyilir: "Ermənistanda ədalət məhkəməsi yoxdur. O, qalın maqma qatı ilə yerin min kilometr dərinliyində dəfn olunub. Onu çıxarmaq üçün güclü zəlzələ lazımdır. Ədalət məhkəməsi yoxdur, amma nazirliyi və naziri var. Onları haqsızlıq məhkəməsinin nazirliyi və naziri adlandırmaq olar. Məhkəmələr yoxdur, ancaq binaları var. O bina ki burada hakim mantiyası geyinmiş insanlar əsl cinayətkarlara ömürlük cəza vermək əvəzinə, 15-20 il azadlıqdan məhrumetmə cəzası verirlər. Qanunun aliliyi yoxdur, ancaq müxtəlif kodekslər var. Hətta ehtiyac olmayan prosessual kodeks belə var. Əgər hakim müstəqildirsə, deməli o yalnız və yalnız qanunun adından müstəqildir və istənilən halda qanunu istədiyi kimi yoza bilər. Mən nə deyirəm? Heç bir gizli cinayət yoxdur, hər şey hamıya aydındır, yoxsa qətlləri gizlətmək və intihar haqqında yalan versiyalar irəli sürməkdən ötrü əl-ələ vermiş məhkəmə və hakimlər nəyə lazımdır? Bizim çoxsaylı etiraz aksiyalarımız barədə yaxşı məlumatlandırılmış prezident orduda qəsdən adamöldürmənin sayının artmasına qarşı heç bir addım atmadı. Heç bir qatil məsuliyyətə cəlb olunmadı. Ermənistandan miqrasiya sürəti isə daha da artıb. Onlar bu gün geniş yayılmış qantökülmədən öz oğullarını xilas etmək üçün gedirlər. Ermənistanda heç bir hüquq-müdafiə sistemi işləmir. Belə təəssürat yaranır ki, bütün işlərin bir adamın barmaq işarəsi ilə idarə olunduğu böyük kukla teatrının ərazisində yaşayırsan. Daha da artığını deyirəm: Konstitusiya heç nədir, Konstitusiya Məhkəməsi isə Appelyasiya Məhkəməsindən geri qalmır. Bu gün, görünür, indiki hakimiyyətin mövcudluğu şəraitində heç bir ədalət məhkəməsi olmayacaq və onun qalın maqma altından çıxarılması yalnız bu ölkəni sevən və bu ölkə üçün yaşayan fədakar insanların çiyinləri üzərinə düşür. Deməli, Ermənistanı və erməniləri təmizləyəcək, yerin dərin qatından çıxacaq güclü vulkan püskürməsi üçün bu "zəlzələ"ni dəstəkləməliyik və bununla da ölkəmiz haqq-ədalət beşiyinə çevriləcək. Mən pis yola çəkilmiş sistemin yaşatdığı oğul iztirabını çəkən sədaqətli erməni qadını və erməni anasıyam. Mən rəhmdil və açıqfikirli soydaşlarıma məsləhət görürəm ki, Ermənistanı uçuruma aparan indiki hakimiyyətə və onun prezidentinə səs verməsinlər. Unutmayın! Bir damcı su belə sıldırım qayanı dələ bilər! Qoy bizim hər birimiz qayadələn su damcısı olaq!". Palitranews.az

NURANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə