Millət vəkili fəxri diplom ilə təltif edilib

Orqan və toxumaların transplantologiyası işinin inkişafında göstərdiyi xidmətlərinə görə
Millət vəkili fəxri diplom ilə təltif edilib

Millət vəkili Qənirə Paşayeva ölkəmizdə orqan və toxumaların transplantologiyası işinin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diploma layiq görülüb. SİA-ya verilən məlumata görə, millət vəkili Qənirə Paşayevaya mükafat Sabitlik və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda orqan və toxumaların transplantasiyası olunmuş şəxslər üçün keçirilən tədbirdə təşkilatın sədri Rasim Məmmədov tərəfindən təqdim edilib.

Mükafata görə öz minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva transplantologiya sahəsinin ölkəmizdə getdikcə inkişaf etdiyini və bu sahədə yetişən gənc mütəxəssislərimizin uğurlu əməliyyatlar aparmasının təqdirəlayiq olduğunu bildirib və bu cür uğurlu əməliyyatlar nəticəsində orqanların köçürülməsinə ehtiyac duyan xəstələrin yaxın gələcəkdə artıq xaricə üz tutmayacağına ümid etdiyini deyib. Millət vəkili Qənirə Paşayeva bir sıra gənc mütəxəssislərimizin bu sahədə yetişməsindən və uğurlu əməliyyatlarından danışıb və bildirib ki, hər birimiz yüzlərlə insanın xilas ola bilməsi üçün onların yanında olmalıyıq.

Qənirə Paşayeva bildirib ki, insan həyatdan vidalaşdıqdan sonra öz orqanları ilə bir neçə insanın yenidən həyata qayıtmasına yardımçı ola bilərsə, o zaman niyə bu faydalı işi görməsin. "Bu istər insani, istərsə də dini baxımından böyük hadisədir. Qurani-Kərimin "Maidə" sürəsinin 32-ci ayəsində deyilir ki, "bir insanı xilas edirsənsə, bunun savabı bütün insanlığı xilas etməyə bərabər tutulur". Parlament bununla bağlı qanunu 1999-cu ildə qəbul edib. Bu qanunun yüksək səviyyədə həyata keçməsi ölkəmiz üçün vacib məsələlərdən biridir", - millət vəkili bildirib.

Özünün də dünyadan köçdüyü təqdirdə orqanlarını xəstə insanlara vəsiyyət etməsi ilə bağlı vəsiyyətnamə yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva hər bir kəsi bu istiqamətdə vəsiyyətnamə yazmaqdan qorxmamağa da çağırıb.

Tədbir zamanı millət vəkili Ceyhun Osmanlı, həkimlər Hikmət Butayev, Fuad Əlizadə, əməkdar artist Səlim Abbasov və ANS telekanalının aparıcısı Qənirə Ataşova ölkəmizdə orqan və toxumaların transplantologiyası işinin inkişafında göstərdikləri dəstəyə görə Sabitlik və İnkişaf Mərkəzinin fəxri diplomları ilə də təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə