YAP Gənclər Birliyi Gənclər gününü qeyd edir

YAP Gənclər Birliyi Gənclər gününü qeyd edir

Bu gün 2 fevral Gənclər günü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi geniş tədbir təşkil edib. SİA-nın xəbərinə görə, tədbirdə YAP-ın sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, YAP-ın icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və müxtəlif qəzetlərin baş redaktorları iştirak edir.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir: "Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. Məhz bu baxımdan Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Ümumrespublika Gənclər günü kimi qeyd olunması gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi idi. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkan yaradır".

Seymur Orucov çıxışında həmçinin dövlət siyasətinin həyata keçirilməsində YAP Gənclər Birliyinin gördüyü işləri xüsusi ilə diqqətə çatdırıb.

Daha sonra çıxış edən YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsilin və s... inkişafı üçün yaradılan şərait böyük diqqət və qayğının göstəricisidir.

Qeyd edək ki, tədbir davam edir.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə