Həmsədrlər və nazirlərin görüşü baş tutdu

Həmsədrlər və nazirlərin görüşü baş tutdu

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. ATƏT-in saytında verilən məlumata görə, görüşdə ATƏT-in sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsdərlər nazirlərlə münaqişə tərəflərinə 2012-ci ilin oktyabrında təqdim olunmuş sülh prosesini irəli aparacaq təklifləri müzakirə ediblər. Onlar həmçinin tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsi üçün görüləcək tədbirlər barədə fikirlərini bölüşüblər.

Vasitəçilər nazirlərlə Dağlıq Qarabağa mülki təyyarələrin uçuşları ətrafında vəziyyəti də müzakirə ediblər. XİN başçıları və həmsədrlər 2011-ci ilin aprelin 14-də və 2012-ci ilin iyulun 13-də verdikləri bəyanata istinad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin vacibliyini vurğulayıblar. XİN rəhbərləri sülh prosesinə dəstək verdiklərini və danışıqları davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Tərəflər sülh prosesi ilə bağlı müzakirələrin növbəti həftələrdə davam etdirilməsi barədə razılığa gəliblər.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, tərəflər yaxın həftələr ərzində daha bir görüş keçirmək və münaqişənin nizamlanması prosesini davam etdirmək barədə razılığa gəliblər: "Xarici işlər naziri həmsədrlərlə görüşdə suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirib. Nazir belə addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulayıb".

Elmar Məmmədyarov həmsədrlərlə görüşdə həmçinin Xocalı aeroprotuna uçuşların qanunsuz olduğunu bəyan edib və bildirib ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər: "Artıq bütün tərəfləri qane edən sülh sazişinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı çatıb. Hansı ki, bu münaqişənin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur".

Bütün xəbərlər Facebook səhifəmizdə