“Müstəqil Azərbaycan 20 il: dövlət ailə, qadın və uşaq siyasəti”

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda eyni adlı kitabın təqdimatı keçirilib
“Müstəqil Azərbaycan 20 il: dövlət ailə, qadın və uşaq siyasəti”

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Müstəqil Azərbaycan 20 il: dövlət ailə, qadın və uşaq siyasəti" adlı kitabın təqdimatı olub. Təqdimat mərasimində çıxış edən alimlər, ictimaiyyət nümayəndələri qeyd ediblər ki, dövlətimiz ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə bütün gücünü səfərbər edib. Azərbaycanda qadın hüquqlarının reallaşdırılması və gender bərabərliyinin təmin olunması üçün geniş imkanlar açılıb, mühüm qanunlar qəbul edilib.

Vurğulanıb ki, bu gün ölkənin ictimai həyatında önəmli yer tutan, vətəndaşların dərin inam və hörmətini qazanmış, beynəlxalq miqyasda Azərbaycanın pozitiv, sosial-mədəni imicini formalaşdıran Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti sosial sahənin böyük bir spektrini əhatə edir. Buraya uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya ilə bağlı irimiqyaslı layihələrin gerçəkləşdirilməsi daxildir.

Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə bir sıra seminarlar, simpoziumlar və konfranslar keçirilib. Məhz, oxuculara təqdim olunan bu kitab da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Politologiya və siyasi sosiologiya" şöbəsinin müstəqilliyimizin 20 illiyi mövzusunda birgə keçirdikləri elmi-praktik konfransın materialları əsasında hazırlanıb.

Qeyd edək ki, sözügedən kitabda Mehriban xanım Əliyevanın müxtəlif beynəlxalq konfranslardakı çıxışları, həmçinin, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, eyni zamanda, millət vəkillərinin və alimlərin qadınların cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi həyatında oynadıqları roldan bəhs edən elmi məqalələri yer alıb. Məqalələrdə insan hüquqlarına ailə, qadın və uşaq hüquqları müstəvisində nəzər salınıb, qadınların idarəetmə və qərar qəbuletmə bacarıqları haqqında yazılıb, həmçinin, qadın sahibkarlığı probleminə toxunulub.

Kitabda müstəqillik dövründə ailə, qadın və uşaq məsələləri ilə bağlı qəbul olunmuş qanunlar və Dövlət proqramları, həmçinin, beynəlxalq konvensiyalar da öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə