Təyyarələrlə bağlı xəbərdarlıq edildi

Təyyarələrlə bağlı xəbərdarlıq edildi

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) respublikamızın hava məkanını pozan təyyarələrə qarşı tətbiq olunacaq qaydalarla bağlı bütün beynəlxalq təşkilatlara rəsmi məlumat göndərib.

Bu barədə məlumat verən ADMAA-nın direktoru Arif Məmmədov deyib ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nı təsdiq edib: "Bu qərarın bir bölməsi hava məkanımızı pozan təyyarələrin məcburi yerə endirilməsini nəzərdə tutur. ADMAA bununla bağlı bütün beynəlxalq təşkilatlara bu haqda rəsmi məlumat göndərib. Eyni zamanda, hər bir dövlətdə olduğu kimi, mülki aviasiya üzrə bizim də nəşrlərimiz vardır. Hər bir şirkət Azərbaycana gəlməzdən qabaq onunla tanış olur. Biz o nəşrlərin ingilis dilində versiyasını bu il yanvarın 18-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinə, baş katibinə, onun Avropa bölməsinə və MDB-nin Aviasiya və Hava məkanından İstifadə üzrə Şurasının sədrinə göndərmişik. Onlara bildirmişik ki, belə bir qaydalar qəbul olunmuşdur və buna əməl etməklə yanaşı, maraqlı olan bütün təşkilatlara və dövlətlərə çatdırılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə