Milli Məclisin müzakirəsinə 3 yeni qanun çıxarılacaq. Bunu SİA-ya açıqlamasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə, "İctimai təşkilatçılıq haqqında", "Sosial sifariş haqqında" və "Peşə birlikləri haqqında" qanunlar artıq parlamentin müzakirəsinə verilib.
"İlk qanun adından da göründüyü kimi istənilən səviyyədə qərar qəbul prosesində vətəndaşların bu və ya digər formada iştirakını özündə ehtiva edir. Müəyyən mexanizm hazırlayır. Bu gün bəzi nazirliklərin nəzdində ictimai şuralar fəaliyyət göstərir. Yaxud da bir sıra oturuşmuş komitələr var. Buna Penetensiar xidmətə İctimai nəzarət komitəsini misal göstərmək olar. Qanuna həm də ümummilli proqramların qəbulu məsələsi də aiddir. Bu da proqramların hazırlanmasında vətəndaşların iştirakını təmin edən qanun olacaq. Adıçəkilən qanunu qəbul etməklə artıq ictimai nəzarəti ən yüksək səviyyədə təmin etmək mümkün olacaq",- deyə A. Quliyev bildirib.
"Qrant haqqında" və "Sosial xidmət haqqında" qanunların mövcud olduğunu deyən komitə üzvü əlavə edib ki, "Sosial sifariş haqqında" qanun müəyyən boşluqları doldurmağa xidmət edəcək: "Misal olaraq, dövlət bu və ya digər işin icrası ilə bağlı QHT-lərə qrant deyil, sifariş formasında müəyyən layihələr verəcək. Həmin layihələrin formaları, reqlamenti, mexanizmi və digər məsələləri özündə əks etdirən müddəalar bu qanunda yer alacaq. Qanunla bağlı müzakirələrə yaxın vaxtlarda başlamağı düşünürük".
"Peşə birlikləri haqqında" qanun haqqında danışan millət vəkili: "Bütün dünyada bununla bağlı qanunlar var. Burada hər hansı peşə sahiblərinin öz mənafelərinin və hüquqlarının qorunması, onların fəaliyyətini koalisiya etmək və peşənin əlçatanlığını asanlaşdırmaq üçün belə qanuna ehtiyac var. Bu qanunun qəbul edilməsi də müəyyən sahələrdəki boşluqları aradan qaldıracaq. Bugünkü "QHT və İctimai Birliklər haqqında" qanun bu məsələni özündə tam ehtiva etmir",- deyə sözlərinə əlavə edib.
Azay Quliyev onu qeyd edib ki, adıçəkilən hər 3 qanun Milli Məclisin müzakirəsinə verilib: "Hissə- hissə bu layihələrə baxılacaq. Bu qanunlar vətəndaş cəmiyyətinin inkişafına, hüquqi mühitin yaxşılaşdırılmasına öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB