Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların qaynar xətlərə və elektron qaydada daxil olan müraciətlərinin cavablandırılmasını daim diqqət mərkəzində saxlayır. Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətlərinə uyğun olaraq öz vəzifələrini həyata keçirərkən şəffaflığın təmin edilməsi, vətəndaş müraciətlərinin operativ cavablandırılması və maarifləndirmə işlərinin görülməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Komitədən SİA-ya verilən məlumata görə, belə tədbirlər çərçivəsində komitədə "qaynar xətlər"in fəaliyyət göstərməsi və vətəndaşların komitənin internet saytı vasitəsi ilə birbaşa müraciət etmək imkanlarının yaradılmasıdır.
"Qaynar xətlər" komitənin fəaliyyəti ilə əlaqədar olaraq daxil olan müraciətlərin dərhal cavablandırılmasında önəmli rol oynayır. Belə ki, vətəndaşlar "qaynar xətlər" vasitəsilə komitənin fəaliyyəti ilə bağlı təkliflərini (onun fəaliyyətində yeniliklərin tətbiq olunması, çatışmazlıqların aradan qaldırılması) sorğularını, hüquqlarının öyrənilməsi, komitənin fəaliyyəti ilə bağlı müxtəlif maarifləndirici informasiyaların alınması ilə bağlı müraciətlər edirlər. Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinin çoxşaxəli olması ilə əlaqədar daxil olan müraciətlərin cavablandırılması ilə bağlı "193", "148" və 566-07-44 nömrəli "qaynar xətlər" fəaliyyət göstərir. Bu qaynar xətlərə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestri və dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı hərracların təşkili sahələrində müraciətlər daxil olur.
Vətəndaşların günün istənilən vaxtında daxil olan müraciətlərini operativ cavablandırmaq məqsədilə komitənin qaynar xətləri texniki və funksional baxımdan təkmilləşdirilmişdir. Görülən tədbirlər nəticəsində vətəndaşların müraciətləri günün iş saatlarında real vaxt rejimində şifahi cavablandırılır, araşdırılması zəruri olan sorğu və şikayətlər komitənin aidiyyəti strukturlarına göndərilir və onların həlli nəzarətdə saxlanılır.
Bütün görülən tədbirlər vətəndaşların maariflənməsi ilə yanaşı, daxil olan müraciətlərin sayının artmasına da təsir göstərir. Belə ki, ötən il ərzində komitənin qaynar xətlərinə vətəndaşlar tərəfindən daşınmaz dövlət əmlakının icarəsi və özəlləşdirilməsi, dövlət mülkiyyətində olan torpaqların icarəsi və özəlləşdirilməsi, özəlləşdirmə prosesi çərçivəsində yaradılan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi və fəaliyyəti, daşınmaz əmlakın qeydiyyatı, habelə daşınmaz əmlaka dair texniki sənədlərin tərtibatı və reyestrdən arayışların alınması ilə bağlı 300-ə yaxın müraciət daxil olub və mütəxəssislər tərəfindən operativ qaydada cavablandırılıb.
Yuxarıda göstərilən müraciətlərin cavablandırmasında komitənin hüquqşünasları yaxından iştirak edirlər. Qaynar xətlərə daxil olan müraciətlərin 250-ə yaxını sorğu xarakterli olub. Sorğu xarakterli müraciətlərin 90-ı dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, 100-ü daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, digərləri isə daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması və ünvan məsələlərinə aid olub. Qaynar xəttə daxil olan müraciətlərdən 20-ə yaxını şikayət xarakterli olub. Bunlardan 8-i dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, digərləri isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsinə aid olub. Qaynar xəttə daxil olan şikayət xarakterli müraciətlər araşdırılmaq üçün müvafiq qurumlara göndərilib. Şikayətlər araşdırılarkən məlum olub ki, onlardan bəziləri əsassızdır və bu barədə şikayətçilər məlumatlandırılıb. Digər şikayət xarakterli müraciətlər isə araşdırılaraq qanunvericiliyə əsasən müvafiq qərarlar qəbul edilib və vətəndaşlara onların hüquqları izah edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi bu tədbirlərlə yanaşı vətəndaşların müraciətlərini elektron formada www.emdk.gov.az rəsmi internet saytı vasitəsi ilə qəbul edilməsi və cavablandırılması ilə əlaqədar tədbirlər görür. Bu məqsədlə, komitənin rəsmi internet saytında "Sual-cavab" bölməsi yaradılaraq vətəndaşların ixtiyarına verilib. Vətəndaşlar üçün yaradılmış belə bir imkan dərhal öz effektiv təsirini göstərib. Belə ki, ötən il komitənin rəsmi internet saytına vətəndaşlar tərəfindən 350-ə yaxın elektron müraciət daxil olub. Bu müraciətlərdən 330-u sorğu, digərləri isə şikayət xarakterli olub. Daxil olan sorğu və şikayət xarakterli elektron müraciətlər araşdırılıb və vətəndaşlara operativ cavablar verilib.
Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyəti ilə əlaqədar olaraq vətəndaşların müraciətlərinin cavablandırılması, həmçinin onların maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirməsini davam etdirir və daim bu sahəni diqqətdə saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB