Bu gün Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə "Ordu quruculuğu və onların həlli yolları" mövzusunda Dəyirmi Masa keçirilib. SİA-nın xəbərinə görə, hərbi ekspert Azad İsazadə bildirib ki, bu gün Azərbaycan ordusunda problemlərin, çatışmazlıqların olması reallıqdır. Lakin bu problemlərin həlli araşdırılmalı və bu sahədə neqativ halların aradan qaldırılmasına şərait yaradılmalıdır.
Ekspert qeyd edib ki, ordunun hər bir əsgəri Azərbaycan vətəndaşları üçün əzizdir: "Təbiidir ki, əsgər ölümü ordu üçün neqativ haldır və bu hər bir azərbaycanlı üçün kədərli bir hadisədir. Lakin bu kimi neqativ halları həddindən artıq şişirdərək Azərbaycana ləkə yaxmaq istəyən, dövlətçilik əleyhinə fəaliyyət göstərən təşkilatlara şərait yaratmaq olmaz. Əsgər ölümü ilə bağlı keçirilən aksiyada səsləndirilən şüarlar Azərbaycanın xarici ölkələr və təşkilatlar tərəfindən qınaq obyektinə çevirib. Bu kimi təşkilatlara və insanlara ölkəmizi qaralamaq üçün vəsait vermək əvəzinə ordumuzda olan problemlərlə maraqlanıb onların həlli yollarını axtarmaq daha münasibdir".
Həmçinin qeyd olunub ki, Silahlı Qüvvələr barəsində sosial şəbəkələrdə bəzi təxribatçı materialların yayımlanması da xoşagəlməz hadisədir. Bildirilib ki, Azərbaycan ordusu bütün parametrlərinə görə işğalçı Ermənistan ordusundan üstündür. Azərbaycan ordusunda isə son zamanlar yaranan problemlərin aradan qaldırılması üçün ictimai qurum yaradılmalı və orduya nəzarət etməlidir. Bu quruma millət vəkilləri, ictimai-siyasi xadimlər və partiya üzvləri fəaliyyət göstərməli, orduda mütəmadi olaraq monitorinqlər keçirməlidir.
Daha sonra Dəyirmi Masa iştirakçıları "Ordu quruculuğu və onların həlli yolları" ilə bağlı bəyanat qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB