Şərti adı hələlik "Azərbaycan" olan akademiyanı 5 nəfər təsis edir
Azərbaycan yeni elmlər Akademiyası yaradılır. Ənənəvi Milli Akademiyadan sistem və struktur cəhətdən əsaslı fərqlənən yeni elm mərkəzin hədəfi Azərbaycan elminin inkişafı və dünyaya inteqrasiyasıdır. Bu barədə "New Baku Post"a müsahibəsində "Xəzər" universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib.
"Təsisçilər beynəlxalq səviyyədə elm və sənət sahəsində sözünü demiş insanlardır. Şərti adı hələlik "Azərbaycan" olan akademiyanı 5 nəfər təsis edir. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə (Kaliforniya), müasir mikro-neyro cərrahiyyənin atası sayılan, beyində əməliyyat aparmaq üçün cihaz düzəldən və bunu gerçəkləşdirən, milliyyətcə türk olan Mahmud Qazi Yaşargil (Amerika), türklərin məşhur canlı tarixçisi Halil İnalcık, bəstəkar Arif Məlikov və mənəm. Başqa maraq göstərənlər də var. Amma hələlik bu 5 nəfər təsisçilik edir", – deyə H.İsaxanlı bildirib.
Akademiya riyaziyyat və təbiət elmləri, humanitar və sosial elmlər, həyat haqqında elmlər (biologiya, tibb, psixologiya), ədəbiyyat, incəsənət, mədəniyyət, musiqi sahələrini əhatə edəcək.
H.İsaxanalı deyib: "Razılığa gəldiyimiz mühüm bir cəhət də odur ki, humanitar sahələrə baxanda, biz yaradıcı adamlara üstünlük verəcəyik. Məsələn, musiqidən söhbət gedirsə, seçim musiqi haqqında yazanlar arasında yox, musiqiçilərin özləri arasında olacaq. Böyük bəstəkar, vokalçı, pianoçu, yəni sənətin içində olan. Ədəbiyyat sahəsində yazıçıya, şairə üstünlük veriləcək. Əsas sənəti yaradanlardır, sənətşünaslar yox".
Akademiya həm də dünyadakı fiziki cərəyanları, Nüvə fizikasındakı, genetikadakı və sair sahələrdəki yenilikləri izləyib xülasələr hazırlayacaq.
"Dünyada fizika var, Azərbaycan fizikası deyilən bir şey yoxdur. Səmimi deyim, bizim Milli Elmlər Akademiyasının institutları var. Hərəsində 300 adam çalışır. Onlardan 10-u ciddi elmlə məşğuldur. Amma hamı hökumətdən maaş alır. Qoy 20 adam olsun, ancaq ciddi işlə məşğul olsun, yaxşı da maaş alsın", - professor əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB