"İnsan Haqqları Uğrunda" İctimai Birlik həyata keçirdiyi beynəlxalq layihə çərçivəsində "The Decline of Europe" ("Avropanın imtinası") adlı hesabat hazırlayıb. Hesabatda Avropa ölkələrində yer alan neqativ hallar ayrı-ayrı istiqamətlər üzrə konkret faktlarla göstərlir.
Hesabatda deyilir ki, Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı mövzusu durmadan aktuallaşıb.
Hesabatın tam mətni [http://thedecline.info/az] burada yerləşir.
Təşkilat Avropa ölkələrində liberal dəyərlərin və multikulturalizm ideyalarının sistemli böhranının, insan haqlarının pozulmasının təhlilinə Almaniyadan başlayıb. Bu, həmin ölkənin ənənəvi demokratik imici, yüksək siyasi-iqtisadi statusu, həmçinin dünyada və avropada gedən proseslərdəki dominant rolu ilə bağlıdır.
Hesabatın birinci hissəsi Avropada liberal dəyərlərinin və multikulturalizmin böhranından, ikinci hissəsi isə Almaniyada korrupsiyadan bəhs edir. Onları [index.php/manset-ust/5321-avropada-multukulturalizmin-boehran-hesabat] buradan və [index.php/manset-ust/5334-fantastisch-korrupsiya-hesabat#.UP5YBic3axo] buradan oxuya bilərsiniz.
Sənədin "İfadə azadliğinin pozulması" adlı üçüncü hissəsində bu sahəyə aid xeyli faktlar gətirilir. Xatırladılır ki, "Transparency İnternational" təşkilatının ekspertləri son illər alman kütləvi informasiya vasitələrində korrupsiya meyllərinin gücləndiyini vurğulayırlar. Bu isə aparıcı alman KİV-nin səhifələrində kütləvi sayda sifarişli yazıların peyda olmasına gətirib çıxarır. "Sərhədsiz reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatının alman şöbəsi də alman KİV-i sahəsindəki mühitin pisləşməsindən, həmçinin ölkədə informasiya azadlığının səviyyəsindən narahatdır.
Almaniya Hüquq Müdafiə İttifaqının (mənzil-qərargahı Köln şəhərindədir) hesabatına görə, AFR-in 5 iri federal torpağı öz parlamentlərində informasiya azadlığı haqqında qanunun qəbul edilməsini indiyə qədər də əngəlləyir. Bundan əlavə, Almaniya Hüquq Müdafiə İttifaqının ekspertləri öz ölkəsində insan haqları ilə bağlı vəziyyətin üstündən sakitcə keçib diqqəti digər ölkələrdəki vəziyyətə yönəldən Almaniya KİV-ində son illərdə yaranıb müşahidə olunan bir təmayülü xüsusi qeyd edirlər. Almaniya Hüquq Müdafiə İttifaqının rəhbəri Harri Murey bunu xüsusi vurğulayır: "Almaniyada bizdən soruşurlar ki, biz niyə alman nəşrlərində yox, məhz xaricdə dərc olunuruq. Açıq deyirəm ki, biz bunun yalnız lehinəyik. Əgər bu, bizdən asılı olsaydı, bunu məmnuniyyətlə edər və heç bir beynəlxalq KİV-ə üz tutmazdıq".
Beynəlxalq Mətbuat İnstitutunun (İPİ) proqram direktoru Stiven Ellisin qiymətləndirməsinə görə, 4 ay ərzində - 2011-ci ilin dekabrından 2012-ci ilin mayına qədər, Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində - alman mətbuatında Azərbaycan hökumətini kəskin tənqid edən 200-dək məqalə dərc olunub. Bu ölkədəki problemlərin təfərrüatlarına qədər işıqlandırılması alman oxucusunu çətin ki, maraqlandıraydı. Çünki Azərbaycan Avropa İttifaqına daxil deyil və Almaniya üçün də strateji maraq kəsb etmir. Buna görə də həmin yazılar əksər ekspert və analitikləri (o cümlədən Azərbaycanda) bu məqalələrin sifarişli xarakter daşımasına inanmağa təhrik edir. Bu yazıların əksəriyyətində tənqid olunan tərəfin - Azərbaycan hökumətinin öz mövqeyini ifadə etməsinə nə yer, nə də imkan verilmirdi. Oxuculara təqdim olunan yazılar birtərəfli və subyektiv xarakter daşıyırdı. Çünki məqalə müəllifləri onlara eyni bir mənbədən təqdim olunan informasiyalardan istifadə etmiş, bu zaman tənqid olunan tərəfin mövqeyini apriori şəkildə rədd etmişdilər. Alman mətbuatındakı oxşar tendensiyalar bu və ya digər hökumətlərin, şirkət və şəxslərin nüfuzdan salınması məqsədilə əvvəlcədən hazırlanmış təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi imkanlarının mövcudluğunu sübut edir.
Bununla yanaşı media ekspertləri Almaniya KİV-ində tənqidin seçmə xarakteri daşıdığını vurğulayır. Belə ki, alman KİV-i öz diqqətini Azərbaycan və ya Ukrayna kimi ölkələrdəki situasiya üzərində cəmləşdirərkən Çin və ya İran kimi totalitar ölkələrdə insan haqları ilə bağlı vəziyyətlə bağlı praktiki olaraq susur. Ekspert, professor Maya Behmerin qənaətinə görə, bu, Almaniyanın Çin və İranla strateji tərəfdaşlığı ilə bağlı ola bilər.
"Sərhədsiz reportyorlar"ın fikrincə, jurnalistlərin məsuliyyəti və onların peşə etikası ilə bağlı problemlərlə yanaşı ifadə azadlığı ilə bağlı vəziyyət də son illərdə pisləşib. "Saksoniya korrupsiya bataqlığını" açıb ifşa etmiş iki leypsiqli jurnalistin - Arndt Ginzel və Tomas Dattın diffamasiyaya görə mühakimə olunması ifadə azadlığı sahəsində yaranmış vəziyyəti əyani şəkildə göstərir.
Leypsiqli jurnalistlər Arndt Ginzel və Tomas Datt yüksək rütbəli polis məmurlarının da cəlb olunduğu səs-küylü korrupsiya əməlinə dair jurnalist araşdırması aparmışdılar. Bu təhqiqatın nəticələri "Şpigel" həftəliyində və Zeit Online-də dərc olunmuşdu. Bundan sonra Saksoniyanın Daxili İşlər Nazirliyi jurnalistləri böhtan atmaqda, təhqirdə və diffamasiyada ittiham etdi. Yüksək rütbəli polis məmurları jurnalistlərin cinayət təqibi qaydasında mühakimə edilməsinə nail olmağa çalışırdılar. Polis məmurlarını Saksoniyada insan alverinə himayədarlıq etməkdə suçlayan jurnalistlərə cinayət işinin açılması beynəlxalq hüquq müdafiə təşkilatlarının qəzəbli reaksiyasına səbəb oldu. "Sərhədsiz reportyorlar" Drezdendə keçirilən məhkəmə prosesində iki leypsiqli jurnalistin günahsızlığının qəbul və etiraf olunmasını tələb etdi. "İstənilən digər qərar qalmaqal yaradacaq" - deyə Reportyorlar Şurasının sədri Mixael Rediske özünün Berlində verdiyi təcili bəyanatında bildirirdi: "Bu jurnalistlərin məhkum edilməsi gələcəkdə korrupsiya faktları üzrə jurnalist araşdırmaları aparmaq işində ciddi əngələ çevriləcək və bununla da mətbuat azadlığına zərbə vuracaq".
Geniş beynəlxalq kampaniyaya və beynəlxalq təşkilatların etirazlarına baxmayaraq məhkəmə ittiham hökmü çıxararaq hər iki jurnalisti mühakimə etdi və onların üzərinə iddiaçılara 6300 ABŞ dolları cərimə ödəmək öhdəliyi qoydu. Bundan əlavə, məhkəmə jurnalistləri öz informasiya mənbələrini açmağa məcbur etdi.
Nüfuzlu beynəlxalq təşkilatlar alman jurnalistlərinin qalmaqallı şəkildə təqib olunması fonunda Almaniyada müşahidə olunan və KİV-in iqtisadi müstəqilliyini məhv etməyə yönələn yeni və təhlükəli bir meyli də seziblər. Alman Jurnalistləri Assosiasiyasının rəhbəri Kayo Dexrinqin fikrincə, alman jurnalistlərinə qarşı son illər tez-tez baş verən maliyyə sanksiyaları jurnalistləri, xüsusən də müstəqil jurnalistləri açıq-aşkar susmağa məcbur etmək cəhdləridir: "Məhkəmələr isə maliyyə sanksiyalarından onsuz da ağır iqtisadi vəziyyətdə olan jurnalistlərə qarşı təsir vasitəsi kimi istifadə edir. Məhkəmələr öz azadlığını hələ də saxlayan alman nəşrlərinin iqtisadi müstəqilliyini sarsıdır".
"Deutsche telekom" işi"
Ən iri səhmdarı Almaniyanın federal hökuməti olan "Deutsche telekom" telekommunikasiya nəhənginin bu şirkətin əməkdaşları ilə "Financial Times Deutschland", "Capital" və Almaniyada fəaliyyət göstərən digər KİV-in jurnalistləri arasındakı telefon danışıqlarını dinləməsinin üstü açıldı. Sonralar şirkətin özü də telefon danışıqlarının dinlənilməsi faktını etiraf etdi. Şirkətin ciddi iqtisadi problemlər içində olduğunu göstərən sənədlərin bir hissəsi mətbuata sızmışdı. Bundan sonra informasiya mənbəyinin aydınlaşdırılması, xəbərin haradan sızmasının dəqiq müəyyən olunması məqsədilə xarici müşahidə və jurnalistlərin telefon danışıqlarının dinlənilməsi təşkil edildi.
Nəhayət, "Deutsche telekom" konserni İdarə Heyətinin sədri Rene Oberman 2012-ci il, mayın 29-da etiraf etməyə məcbur oldu ki, şirkətin əvvəlki rəhbərliyindəki keçmiş inhisarçı jurnalistlərin izlənməsi ilə məşğul olub, o cümlədən bu zaman müştərilər haqqında "Deutsche telekom"da saxlanan informasiyalardan istifadə edib.
"Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı Almaniya hakimiyyətinin bu hərəkətlərini pislədi və bu cinayət üzrə obyektiv və qərəzsiz təhqiqat aparmağa çağırdı. Lakin Almaniya hakimiyyəti informasiya azadlığının məhdudlaşdırılması məqsədilə təzyiq göstərilməsinə dair daha bir faktın üstünü açmaq üçün heç bir iş görmədi.
"Almaniyanın sabiq prezidenti Kristian Vulfun işi"
Almaniyada insan haqlarının vəziyyəti barədə jurnalistlərin fəaliyyət azadlığı kimi fundamental hüququn toxunulmazlığı kontekstində danışarkən Almaniyanın sabiq prezidenti Kristian Vulf ətrafında yaranan korrupsiya qalmaqalının üstündən sükutla keçmək olmaz. Belə ki, K.Vulf onu korrupsiyada ittiham edən "Bild" qəzetinin jurnalistlərini şəxsən özü hədələmişdi.
Bu işin təfərrüatları təkcə Almaniyanın özündə yox, elə bütün dünyada da böyük rezonans və qalmaqal yaratmışdı. Məlum olduğu kimi, K.Vulfun ətrafındakı qalmaqalın ilkin səbəbi onun və arvadının dostluq etdiyi alman biznesmenləri ilə korrupsiya əlaqələrinə dair şübhələr idi. Dekabrda "Bild" qəzetində dərc olunan məqalədə deyilirdi ki, K.Vulf 2008-ci ildə Aşağı Saksoniyanın baş naziri olarkən dostunun həyat yoldaşı, milyonçu Eqon Herkensdən güzəştli şərtlərlə 500 min avro alıb. O, bu pullara ailəsi üçün ev alıb. 2010-cu ilin yanvarında Aşağı Saksoniya parlamentində müxalifət K.Vulfa E.Herkenslə əlaqələri barədə sual verəndə o, bu kredit barədə susub danışmamışdı. K.Vulf 2010-cu ilin fevralında "BW Bank"dan ipoteka krediti almışdı, amma bu dəfə də güzəştli şərtlərlə, minimal faizlə. Buna dair müqavilə isə yalnız 2011-ci ilin dekabrında - mətbuatda qalmaqal qızışanda təzədən yazılmışdı.
Prezidentin vəkili Gernot Lehrin sözlərinə görə, "BW Bank" dekabrın 12-də K.Vulfla 3,62 faizlik dərəcə əsasında ödəməni nəzərdə tutan yeni kredit müqaviləsi imzalayıb. Sənədləri surətini imzalamaq üçün Vulfa göndəriblər. Prezident onda Küveytdə rəsmi səfərdə olub. O, Berlinə dekabrın 13-də qayıdıb. Prezident yeni müqaviləni imzalamağa tələsməyib. Bankın verdiyi məlumata görə, o, bunu yalnız dekabrın 21-də edib. Növbəti gün isə Vulfun kredit məsələsinə dair rəsmi izahatı yayılıb. Prezident bunu ürəklə demək imkanı qazanıb ki, indi o da kreditini qalan bütün almanlarla eyni faiz dərəcəsi ilə ödəyir.
"Bild" qəzetinin prezidentin Küveytdən Almaniyaya qayıtdığı gün çap olunan sayında onun Herkensden aldığı pullar barədə yazı dərc edilmişdi. Vulf bu məqalənin çapa hazırlanmasından xəbərdar idi. Həmin məqalə çapa getməzdən bir gün qabaq - dekabrın 12-də K.Vulf "Bild"in baş redaktoru Kay Dikmanna zəng vurmuşdu. Baş redaktor dəstəyi qaldırmadığı üçün prezident avto-cavab verəndə ona hədə dolu məlumat buraxmışdı. K.Vulf bu məqalənin dərc olunacağı təqdirdə "Bild"in məxsus olduğu "Axel Springer" nəşriyyat evi ilə "birdəfəlik qurtarmaq" və onunla "müharibəyə başlamaq"la hədələyirdi. "Sueddeutsche Zeitung" qəzetinin xəbərinə görə, prezident hətta bəyan edib ki, jurnalistləri məhkəməyə verəcək.
Prezident bununla da kifayətlənmədi və məsələni nəşriyyat evinin rəhbərliyi ilə həll etməyə qərar verdi. "Sueddeutsche Zeitung" qəzetinin xəbər verdiyi kimi, K.Vulf "Springer" nəşriyyatının şefi Matias Döpfnerə zəng vurub. Döpfner isə onunla söhbət zamanı redaksiyanın müstəqil olmasını və bu və ya digər materialın dərc edilməsi ilə bağlı qərara təsir etməyin mümkün olmadığını əsas gətirib. "Cicero" jurnalının verdiyi xəbərə görə, prezident bundan sonra bir qədər də irəli gedərək nəşriyyat evinin ən iri səhmdarı Fride Şpringerə zəng vurub.
Almaniyanın ictimai-siyasi həyatı və müstəqil KİV-in fəaliyyəti jurnalistlərin hüquqlarının pozulması onların təqib olunması faktları ilə, həmçinin informasiya azadlığı prinsiplərini pozan və dövlətin informasiya siyasəti sferasına getdikcə daha çox müdaxilə etməsi kimi xarakterizə olunan cəhdlərlə doludur. Lakin elə yuxarıda sadalanan nümunələr də Almaniyada KİV azadlığı sahəsində yaranmış vəziyyəti kifayət qədər geniş və aydın şəkildə göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB