Tanınmış vəkil Ramiz Zeynalov Elşad Abdullayevi qardaşı Mahir Abdullayevin qatili adlandırdı
Ramiz Zeynalov "Təzadlar" qəzetinə verdiyi müsahibədə bu ittihama dair əlində sübutlar olduğunu bəyan edib. Vəkil deyib ki, bunu sübut edəcək əsaslarım var: "Mahir Abdullayev Elşad Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıbdır və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənibdir… Hazırda onun yoxa çıxması üzrə aparılan istintaq elə mərhələdədir ki, mən hələlik başqa heç nə demək istəmirəm… Siz bu yaxınlarda şok hadisə və faktların canlı şahidi olacaqsınız… Və mən indi deyirəm ki, Baş Prokurorluqda yaradılmış XİK-na göndərdiyim 15 dekabr 2012-ci il tarixli vəsadətimdə də göstərmişəm ki, məhz E.Abdullayev özünün 15 may 2009-cu il tarixli istintaqa zərərçəkmiş kimi verdiyi ifadəsində qardaşının özü tərəfindən öldürülməsi faktını qəsdən gizlətməkdən ötrü DİN naziri R.Usubovla, onun müavini Z.Dünyamalıyevlə 14 oktyabr 2003-cü ildə olan danışığını və ya belə deyim, istintaq-axtarış şərtini pozaraq, qardaşının oğurlanması və əvəzində kimlər tərəfindənsə ondan guya pul tələb edilməsi və s. barədə ona verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçmişdir. Əvəzində o, 15 dekabr 2009-cu il tarixli yazılı ifadəsində də (hansı ki, yalan məlumat verdiyi halda cinayət məsuliyyəti daşıması xəbərdarlığını almışdı, üstəlik, Baş Prokurorluğun ACDİ İdarəsinin müstəntiqi tərəfindən dindirilibdir) göstərir ki, ona telefonla zəng edərək qardaşının 50 min dollar pul müqabilində ona təhvil verilməsi üçün onu Zaqatalaya dəvət ediblər".
Vəkil Ramiz Zeynalov Elşad Abdullayevin öz qardaşının qətlinin sifarişçisi olduğunu, qatilin isə qardaşı oğlu olduğunu deyib: "Elşad ifadəsində yazır ki, bundan sonra, o, qardaşları ilə birgə özünə məxsus "BMW-X5" markalı "CİP" maşını ilə yola düşürlər. Lakin sonradan ona zəng gəlir və onlar Kürdəmir istiqamətinə gedirlər. Kürdəmirdəki "Azpetrol" YDM-nin yanında onları əli avtomatlı dəstə saxlayır, ona zəng etmiş Qalib adlı şəxs onu qarşılayır. Burada onları maşından düşürdürlər, üst-başlarını, maşını yoxlayır və məcburi qaydada Kürdəmir RPŞ-yə gətirirlər. Hətta o, ifadəsində yazır ki, üstümdəki 50 min dolları sonradan özümə qaytardılar… Məlum olur ki, Kürdəmir RPŞ-nin rəis müavini olan həmin Qalib adlı şəxs ona deyir ki, bilirsən, sənin qardaşını kim oğurlayıb? Və ona Elşad Abdullayevin qardaşı oğlu Mübarizi təqdim edirlər… E.Abdullayev məlum ifadəsində yazaraq davam edir ki, Mübariz başını aşağı saldı, heç nə danışmadı… İfadəsində təkrarən yazır ki, mən sonralar Mübarizi heç bir yerdə tapa bilmədim, bu günə kimi də yoxdur. Soruşuram: Elşad, əgər sən qardaşın Mahirin öldürülməsində və ya yoxa çıxarılmasında iştirak etməmisənsə, sənə deyiblər ki, Mahiri qardaşın oğlu Mübariz oğurlayıb, həmçinin ifadəndə yazırsan ki, qardaşımın oğurlanmasından 6 il keçsə də, Mübarizdən bir xəbər yoxdur, niyə qardaşın oğlunun axtarılmasını təmin etmirdin bu müddətdə? Və niyə istintaq qarşısında məsələ qaldırmırsan? Hansı ki, polis şöbəsində onu sənə Mahiri öldürən kimi təqdim ediblər. Sən DİN nazirinə və nazir müavininə söz versən də ki, adam oğrularından hər hansı bir məlumat olarsa dərhal istintaqa məlumat verəcəyəm, amma sənə gələn zəngdən sonra guya əvvəlcə Zaqatalaya və sonra Kürdəmirə getməyinlə bütün izi azdırmış olmusan, qəsdən istintaqın diqqətinə hədəfdən və əsil həqiqətdən kənarlaşdırmısan. Deməli, sən həm əsil həqiqəti, həm də qardaşının öldürülməsi faktını bilə-bilə gizlətmək istəmisən!".
Vəkil vurğulayıb ki, Elşad Abdullayev bütün indi yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsil həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib: "Təsəvvür edin, bir tərəfdə istintaq gedir, o biri tərəfdən isə o, 9 il imiş ki, ayrı-ayrı adamlardan ona Mahirin axtarılmasında kömək etməsini acizanə xahiş etməklə qəsdən sövdələşmə şousu yaradıb gizli çəkiliş aparırmış. Bütün bunların hamısı Elşad Abdullayev tərəfindən qardaşının öldürülməsi faktını ört-basdır etməkdən ötrü ortaya atılmış başqatan bir şoudur".
Bundan başqa Ramiz Zeynalov Elşad Abdullayevin digər bir qardaşını da zəhərləbiyini söyləyib: "Çünki bəzi şeyləri də o bilirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB