Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifəsindən azad edilib. Bu barədə qərar axşam saatlarında məlum olub. R.Musayevin işdən çıxarılması barədə qərarın səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib. Bundan əvvəl Binəqədi Rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev tutduğu vəzifədən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə (DİN) raportla müraciət edib. Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilib. O, Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb.
Rasim Musayevin səlahiyyətlərinin icrası Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavinlərindən birinə tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə