«Ölməmişik hələ varıq – Şəhid adlı canlılarıq»

«Ölməmişik hələ varıq – Şəhid adlı canlılarıq»

Nizami rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin 23-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Nizami rayonunda da ümumxalq hüzn və xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd olunub. Rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində, mədəniyyət ocaqlarında anma mərasimləri keçirilib, sərgi və guşələr təşkil edilib.

Belə tədbirlərdən biri də yanvar ayının 19-da "Ölməmişik hələ varıq – Şəhid adlı canlılarıq" mövzusunda keçirilib.

Öncə tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq, onları bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildirib, faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, azərbaycanlılar 20 Yanvar faciəsi qurbanlarının qəhrəmanlığını heç zaman unutmayacaq, şəhidlərin əziz xatirəsini daim uca tutacaqlar. Millət vəkili diqqətə çatdırıb ki, 20 Yanvar tarixi xalqımızın azadlıq şücaəti, mübarizliyi, cəsarəti, özünün milli qürurunun bütün dünyəvi dəyərləri ilə təcəssüm etdirməsi baxımından bizim üçün çox əhəmiyyətli, gələcək nəsillərə yadigar qalan günlərimizdən biridir.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə matəm günü kimi qeyd olunmamalıdır. Bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq.

Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə