Milli Məclisin sədri Oqtay Əsədov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib. SİA xəbər verir ki, sədr iki ölkə arasındakı əlaqələr günbəgün genişləndiyini, qarşılıqlı səfərlər həyata keçirildiyini bildirib.
Spiker Bakıda keçirilən beynəlxalq tədbirlərdə Uruqvay parlament nümayəndə heyətinin iştirakını və Milli Məclisdə keçirdikləri görüşləri xatırlayaraq, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu vurğuladı.
Sədr vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi bütöv bir regionun tərəqqisinə ciddi maneə törədir. Problemlə əlaqədar nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdarıq. Ümid edirik ki, beynəlxalq birliyin dəstəyi ilə problem tezliklə öz ədalətli həllini tapacaqdır. Görüşdə Sədr ümidvar olduğunu bildirib ki, uruqvaylı deputatlar bu məsələyə həssaslıqla yanaşacaqlar. O, problemə münasibətdə Uruqvay dövlətinin mövqeyini müsbət dəyərləndirib.
Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Görüşdə Diyeqo Kanepa ölkəsinin siyasi sistemi haqqında Milli Məclisin Sədrinə ətraflı məlumat verib. O, münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolunu vurğulayıb.
Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllində Uruqvay Prezidentinin və hökumətinin mövqeyini bir daha diqqətə çatdıraraq söyləyib ki, Uruqvay məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməzdir. Biz gələcəkdə Azərbaycanla əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB