Şirvanda 20 Yanvar faciəsi anılıb

Şirvanda 20 Yanvar faciəsi anılıb

Şirvanda 20 yanvar faciəsinin il dönümü qeyd olundu. SİA-nın Aran bürosunun verdiyi məlumata görə 20 yanvar faciəsinin 23-cü il dönümü münasibəti ilə Şirvan şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələri bu gün səhər saatlarında Şəhidlər Xiyabanına gələrək Qarabağ uğurunda döyüşlərdə həlak olmuş şəhidlərin məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər.

Sonra 20 Yanvar abidəsinin önündə şəhər ictimaiyyətinin iştirakı ilə anım tədbiri keçirilib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov tədbirdə çıxış edərək tarixi keçmişimizə nəzər salıb. 20 Yanvar faciəsinin baş verməsində o zaman Azərbaycanda cərəyan edən siyasi proseslərdən ətraflı danışaraq bildirib ki, 1988-ci ildən xalqımızın azadlıq, müstəqillik uğurunda mücadiləyə qalxması Sovet imperiyasının və onların Azərbaycandakı əlaltılarının 1990-cı ildə qanlı hadisənin yaranmasına səbəb oldu. Şəhidlərimizin qanı hesabına da olsa Azərbaycan müstəqil dövlət oldu. Xalqımızın başına gətirilən müsübəti Ümummilli liderimiz Heydər Əliyev 1990-cı ildə hələ Moskvada olarkən dünya ictimaiyyətinin diqqətinə çatdırdı və cinayəti törədənlərin kimliyini bəyan etdi.

Müstəqilliyimizin əbədi olmasında və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışan E.Abbasov bu gün Ulu Öndərin varisi Prezident İlham Əliyevin siyasi kursu uğurla davam etdirdiyini vurğulayıb. Şəhid ailələrinin məişət, sosial problemlərinin həll olunduğunu və daim dövlətin diqqət mərkəzində saxladığını bildirib.

Anım tədbirində 20 Yanvar şəhidi 10 saylı orta məktəbin şagirdi olmuş Elçin İmanovun müəlliməsi danışaraq xatirələrini bölüşüb. Məktəblilərin əbədi komazisiyası təqdim olunduqdan sonra axund Hacı Əvəz şəhidlərin ruhuna dualar oxuyub. Saat 12:00-da 1 dəqiqəlik şəhidlərimizin xatirəsinə sükut oldu və nəqliyyatın hərəkəti dayanıb. 20 Yanvar abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə