Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilir, bununla yanaşı müxtəlif qəzet səhifələrində və digər kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc edilir.
Məhz bununla bağlı Təbrizdə "Şəhriyar" qəzetinin 17 yanvar 2013-cü il tarixli, 251 saylı saylı buraxılışında "20 Yanvar: Şəhidlik-Qəhrəmanlıq" adı ilə məqalə dərc olunub. SİA bu məqaləni oxucularına təqdim edir:
20 Yanvar faciəsindən 23 il ötür. 23 il əvvəl dünyanın böyük güclərindən biri olan SSRİ-yə etiraz etmək ölümlə üzləşmək olsa da, təklənmiş Azərbaycan xalqı böyük bir təhlükə ilə qarşı-qarşıya olduğunu başa düşərək meydanlara çıxmış, sivil bir yolla etirazını bildirməyə başlamış, lakin bu etirazlar SSRİ mətbuatında dövlət çevrilişi cəhdi, dini ekstremizm, vəhşi millətçilik və terrorizm adları ilə əks olunmuş, beləliklə vəhşi sovet ordusunun Bakıya müdaxiləsi üçün zəmin hazırlanmışdı. Dağlıq Qarabağın güllə-boran olunması və muxtar vilayətin ən böyük yaşayış məntəqəsi olan Xankəndindən bütün Azərbaycanlıların çıxarılması şəraitində Azərbaycan xalqının imperiyadan kömək gözləməyin mənasızlığını dərk etməsi, yüzillərin müstəmləkə yuxusundan oyanaraq öz haqqını tələb etməsi və Naxçıvanın SSRİ hakimiyyətindən çıxmaq barədə qəbul etdiyi cəsarətli qərar imperiyanı daha da hiddətləndirmiş, bunlar Azərbaycana hücum etmək, azadlığa gedən yolu bağlamaq üçün bəhanəyə çevrilmişdi.
19 yanvar gecəsi SSRİ məclisinin razılığı belə olmadan birbaşa SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə ermənilərin də böyük sayda qatıldığı 20 mindən çox ordu Bakıya hücum etdi. Sovet ordusunun mülki əhaliyə qarşı silah işlədəcəyini təsəvvür belə etməyən insanlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinin dinc sakinlərinin bu ordu tərəfindən necə qəddarlıqla məhv edilməsinin şahidi oldular. Qoşunun Bakıya yeridilməsi barədə qabaqcadan xəbər verilməməsi, tək məlumat qaynağı olan televizyanın enerji blokunun partladılması ilə fəaliyyətinin dayandırılması, bir qayda olaraq mitinqlərdə istifadə olunan gözyaşardıcı qaz və rezin güllələr əvəzinə ağır döyüş silahlarından istifadə olunması, tankların, pulemyotların, avtomatların bir paytaxt şəhərini müharibə meydanına çevirməsi, öldürülən şəxslərə xüsusi qəddarlıqla bəzən 20-dən çox güllə vurulması, qətlə yetirilənlərdən bəzilərinin gözlərinin çıxarılması, qadın, uşaq, qoca fərq qoyulmadan qətllər törədilməsi, təcili yardım maşınlarının və həkimlərin güllələnməsi, yalnız küçədəki insanların deyil, hətta çoxmərtəbəli binaların da gülləyə tutularaq öz evinin içərisində adamların öldürülməsi həm ölkə qanunları, həm də beynəlxalq hüquqa zidd olmaqla bugünədək dünya ictimaiyyətinin hüquqi qiymət vermədiyi bir cinayətdir. Beynəlxalq hüquqa əsasən bu qırğın bütün bəşəriyyətə, sülhə qarşı törədilmiş cinayət sayılır və bu cinayət Azərbaycan xalqının azadlığının boğulmasına, Qarabağın və Naxçıvanın işğal edilməsinə xidmət edirdi. Son dəqiqləşdirmələrə görə Qanlı 20 Yanvar faciəsində 147 nəfər dinc sakin öldürülmüş, 841 nəfər qeyri-qanuni həbs olunmuş, 744 nəfər yaralanmışdır. Həqiqətləri gizlətmək üçün sovet hakimiyyəti bu cinayətlə bağlı olan istintaq materiallarının çoxunu Moskvaya aparmış və həmin materiallar bugünədək üzə çıxarılmamışdır. O vaxtkı rəhbər şəxslərdən yeganə siyasi etiraz kimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev imperiyanın mərkəzi Moskvada özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində yerli və beynəlxalq kütləvi informasiya vasitələri qarşısına çıxdı. Xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Hadisələrdən az bir müddət sonra kommunist partiyası sıralarını tərk etdiyini elan edən Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmağı özünə borc bildi.
20 Yanvar hadisələri, xalqı daha çox azadlığa doğru irəliləməyə sövq etdi, demək olar ki, Bakıda sovet hakimiyyəti rəsmən sona çatdı, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan məclisində 20 yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verən qərar qəbul olundu. 20 Yanvar Azərbaycan xalqının yaşadığı ən böyük acılardan biri, qürur və şərəf günü, kədərlə qəhrəmanlığın birgə nümunəsidir. 20 Yanvar Ümumxalq hüzn günündə hər il yüz minlərlə insan Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına axışır. Matəm musiqisi sədaları altında vətən uğrunda qurban getmiş şəhidlərin məzarları üzərinə şəhid qanının simvolu olan qərənfillər düzür, bir dəqiqəlik sükutla onların xatirəsini yad edir, günahkarların cəzalandırılmasını tələb edərək maşın, gəmi və qatarların zil səsləri ilə etiraz səsini ucaldır.
Öz azadlığı,ərazi bütövlüyü uğrunda minlərlə şəhid vermiş İran xalqı şəhidliyin müqəddəsliyini, Azərbaycan xalqının bu hisslərini ən yaxşı duyanlardandır. Şəhidlər öz ölümləri ilə amallarını ölümsüzlüyə qovuşdurur və adlarını əbədilər sırasına yazdırırlar. Allah bütün şəhidlərə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB