“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirəcək

“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirəcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin Avrointeqrasiya Modeli" Forumu keçirəcək. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın avrointeqrasiya prosesində gənclərin rolunu, gənclərin aktivliyini aşılamaq və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır.
AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirdə AR Prezident Administrasiyası, AR Gənclər və İdman Nazirliyi, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətli nümayəndələri, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri iştirak edib, məruzə edəcək. Eyni zamanda Türkiyə, Fransa, Avropa Birliyi Nümayəndəliyi və Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri forumda çıxış edəcək.

Forumda müzakirə olunan mövzular əsasən Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, Azərbaycan-NATO əlaqələri, Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri və s. mövzularda çıxışlar nəzərdə tutulub.

Forumda gənclər təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri və KİV-lər iştirak edəcək. Forum Park İnn mehmanxanasının Dan Ulduzu zalında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə