“20 Yanvar Qanlı və Şanlı tariximiz” FOTO

“20 Yanvar Qanlı və Şanlı tariximiz” FOTO

Belçika Azərbaycanlıları Cəmiyyəti Belçikanın paytaxtı Brüssel şəhərində Hotel Bloomun konfrans salonunda "20 Yanvar Qanlı və Şanlı Tariximiz" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirə 100-ə yaxın Belçikada yaşayan soydaşlarımız qatılmaqla yanaşı bir neçə yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim , EU Reporter İnformasiya Agentliyinin nümayəndəsi, Almaniyalı siyasi ekspert, Belçika Haber qəzetinin əməkdaşı Cəlil Gündoğdu, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirci, Dayaq Cəmiyyətinin sədri Asəf Bağırov, Benelüks Azərbaycanlıları konqresinin nümayəndəsi Musa Pünhan və digər qonaqlar iştirak edirdi. Konfransı açıq elan edən Belçika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Rəşad Xasayoğlu tədbir iştirakçılarını 20 yanvar hadisələrində şəhid olmuş soydaşlarımızı bir dəqiqəlik sükutla anmağa dəvət etdi və daha sonra tədbir Azərbaycan himninin oxunmasından sonra açıq elan edildi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov isə öz növbəsində o günləri xatırlamaq baxımından tədbirin keçirilməsini zəruri olduğunu bildirdi. O Belçikada fəaliyyətinə başladığı müddətdə bu qədər soydaşımızın qarşısında ilk dəfə çıxış etdiyini bildirərək soydaşlarımızla bir araya gəlməkdən məmnun olduğunu bildirdi. O, vətənimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hər kəsin fəal olmasının vacib olduğunu bildirdi. 20 yanvar xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir, xalqımız tarix boyu çox böyük qəhrəmanlıq və şücaət göstərib: "Mən inanıram ki, biz işğal olunmuş Qarabağı da işğaldan azad edib, faciə günlərimizi xatırlamaqla yanaşı qələbə günümüzü də qeyd edəcəyik. Bu gün bizim həmrəyliyə ehtiyacımız var, ona görə ki biz həmrəy olub Qarabağ yaramızı, problemimizi gələcək nəsillərə ötürməməliyik".

Bizim diasporumuzun güclənməsinə ehtiyac olduğunu vurğulayan Fuad İsgəndərov bu sahədə BAC-ın üzərinə böyük yük və məsuliyyət düşdüyünü bildirdi. Son olaraq O, BAC-ın uğurlu fəaliyyətini vurğulayaraq bundan sonra da uğurlu lahiyələrə imza atacağına inandığnı bildirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən NATO-dakı nümayəndəliyimizin rəhbəri Xəzər İbrahim qeyd edib ki, mən xaraktercə diplomat olmamışadım və nə zamansa diplomat olacağımı düşünməmişdim. 20 yanvar günü baş verən hadisələr məni bu sahəyə istiqamətlənməyi mənəvi cəhətdən məcbur etdi. Biz o zamanlar gənc idik və bu hadisələr yaddaşımızda dərin izlər buraxdı. Biz heç bir zaman o günləri unuda bilmərik və gələcək nəsillərin də bu günləri unutmaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Daha sonra 20 yanvar günü baş vermiş hadisələri əks etdirən film nümayiş etdirildi.

Tədbirin təşkilatçısı BAC-ın sədri Rəşad Xasayoğlu çıxış edərək o günü belə xatırladığını söylədi. "Mənim o zaman 7 yaşım var idi. Düzü biz o günlər nəyinsə baş verdiyini hiss edirdik və görürdük amma yaşımız az olduğundan nələrin baş verdiyini tam dərk etmirdik. Hər zaman öz özümə sual verirdim. Baş verən bu olay nədir? Niyə bu qədər insan bir gündə öldürülsün? Niyə bu qədər insan küçələrə axışıb Azadlıq deyib hayqırsın. Bütün bunların səbəbini biz daha sonralar başa düşdük amma unutmadıq, unutdurmadıq. Bizim bu tədbiri təşkil etməkdə məqsədimiz birdir. Bu Şanlı və Qanlı tariximizi yad etmək və xalqımızın qəhrəmanlığını dünyaya daim təbliğ etməkdir. Biz bundan sonra da bu cür kampaniyalarımızı davam etdirəcəyik, millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etmək də davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz Xocalı, 31 Mart Soyqırımı günlərimiz gəlir. Xalqımıza qarşı törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin almasına daim durmadan fəaliyyətimizi artıracağıq. Bizim Avropada güclənməyimizə ehtiyacımız var, bu işdə hər kəsin üzərindədir yük var. Hər hansı birliyə və həmrəyliyə çağırıram".

Növbəti çıxışçılar İlahə Rafaelqızı da uşaqlıq dövrünə təsadüf edən bu günlərin onun yaddaşında ağrılı iz buraxdığını qeyd etdi. Daha sonra çıxış edən Benelüks Azərbaycanlıları Konqresinin Belçika nümayəndəsi tədbirin təşkilatçısı Belçika Azərbaycanlıları Cəmiyyətinə öz təşəkkürünü bildirərək Avropada yaşayan gənclər olaraq millətimizin faciəsini heç zaman unutmayacaqlarını bildirib, bundan sonra milli problemlerimizin dünya ictimaiətinə çatdırılmasının vacib olduğunu vurğulayaraq birlikdə fəaliyyət göstərməyimizin vacibliyini bildirib.

Qeyd edək ki, tədbirin rəsmi hissəsinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş ingilis dilinə tərcümə olunmuş film nümayiş etdirildi.




Bütün xəbərlər Facebook səhifəmizdə