Almaniyada 20 Yanvar şəhidləri anılıb FOTOLAR

Almaniyada 20 Yanvar şəhidləri anılıb FOTOLAR

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü il dönümünə həsr olunmuş anma mərasimi keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mərasim iştirakçılarına Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verib, bu hadisələrin Azərbaycanın müstəqilliyinin əldə edilməsində oynadığı roldan danışıb və 20 Yanvar tarixini Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirib. Səfir ümummilli lider Heydər Əliyevin bu hadisələr zamanı nümayiş etdirdiyi əsl vətəndaş mövqeyini xatırladıb və bu hadisələrə siyasi və hüquqi qiymət verilməsində ulu öndərin xidmətlərini vurğulayıb. Diplomat 20 Yanvar hadisələrini xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu deyib.

Dünyanın ən böyük kənd təsərrüfatı sərgisi olan "Yaşıl həftə" çərçivəsində Berlində səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov mərasimdə çıxış edib və 20 Yanvar hadisələri barədə xatirələrini iştirakçılarla bölüşüb. Nazir 20 Yanvar hadisələri zamanı keçmiş sovet hakimiyyətinin öz xalqına qarşı törətdiyi ağır cinayətdən bəhs edərək bu hərəkətlərə bəraət qazandırılmasının mümkün olmadığını dilə gətirib. İsmət Abbasov, eyni zamanda, ümummilli lider Heydər Əliyevin məlum hadisələr zamanı göstərdiyi fədakarlıqdan danışıb.

Daha sonra söz alan Potsdam Universitetinin professoru Vilfred Fuhrman çıxışında faciənin qurbanlarının arzularını, ümidlərini xatırlamağın vacibliyini qeyd edərək, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə yolundan danışıb.

Çıxışlardan sonra Almaniya Köln Musiqi və Rəqs Ali Məktəbində təhsil alan azərbaycanlı pianoçu Toğrul Hüseynlinin ifasında Azərbaycan və alman bəstəkarlarının əsərləri təqdim olunub.

Mərasimdə "Yaşıl həftə" çərçivəsində Berlində səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri, Almaniya siyasi və ictimai dairələrinin nümayəndələri, AFR Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də Almaniyadakı diasporumuzun təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları səfirlik tərəfindən 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə tanış olublar. Alman dilində izahlarla tərtib olunmuş sərgidəki fotoşəkillər qonaqlarda acı təəssürat doğurub.

Rəsmi hissədən sonra şəhidlərimizin xatirəsinə ehsan verilmiş, tədbirin iştirakçılarına ölkəmiz haqqında alman dilində çoxsaylı kitablar hədiyyə edilib.

Vüqar Seyidov

Bütün xəbərlər Facebook səhifəmizdə