Sabah metro xəttinə yeni qatarlar buraxılacaq

Sabah metro xəttinə yeni qatarlar buraxılacaq

Sabah Bakı Metropoliteni metro xəttinə yeni alınmış qatarları buraxacaq. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Onun sözlərinə görə, yeni qatarların alınıb-alınmaması barədə indidən nəsə demək tezdir. Metropoliten rəisi əlavə edib ki, əgər yeni stansiya istifadəyə veriləcəksə, yeni qatarlar da alına bilər: "Bu il ərzində yeni stansiyanın açılması gözlənilmir. Buna baxmayaraq, ilin sonuna və yaxud gələn ilin may ayına yeni stansiya istifadəyə verilə bilər".

Metropoliten rəisi yeni xətlərin tikintisi zamanı sakinlərə kompensasiyaların ödənilməsi ilə bağlı məsələyə də münasibət bildirib: "Bu istiqamətdə müəyyən problemlər mövcuddur. Sakinlər heç zaman verilən kompensasiya ilə razılaşmaq istəmirlər. Yerindən asılı olaraq sakinlərə 1320 manatdan başlayaraq kompensasiya verilir. Amma o evlərə baxsanız, həmin adamların nədən razılaşmadıqlarına təəccüb edə bilərsiniz. Buna baxmayaraq, adamlar yenə də çıxmaq istəmirlər və işlər məhkəmədədir. Ona görə də dövlətin bu tədbiri gecikir. Hazırda 560 məhkəmə çəkişməsi olan ev var".

Bütün xəbərlər Facebook səhifəmizdə