“19 yanvar və bir gün sonra” FOTO

“19 yanvar və bir gün sonra” FOTO

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının qanlı faciəsi, 20 Yanvar-Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iştirakçılara tədbir haqqında ümumi məlumat verilib. SİA-nın məlumatına görə, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, 20 yanvar hadisələrinin 1987-1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin süni olaraq yaradılması ilə Sovet İmperiyasinin himayəsi ilə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı başlanan, məqsədyönlü siyasi oyunların davamı olaraq həyata keçirilən növbəti terror aktı olduğunu bildirib. Baş konsul, erməniləşmiş sovet ordusu tərəfindən törədilmiş bu terror aktının Azərbaycan xalqının haqq səsinin boğulmasına, xalqın milli oyanışının qarşısının alınmasına, Azərbaycanın nəyin bahasına olursa-olsun SSRİ-nin tərkibində saxlanılmasına, torpaqlarımızın terrorçu Ermənistan tərəfindən işğalına şərait yaratmaq kimi məqsədlərə xidmət etdiyini qeyd edib. Lakin planlaşdırılanların əksinə olaraq məhz bu hadisələrdən sonra xalqın mübarizə əzminin və azadlıq ideyalarının daha da möhkəmləndiyini, qısa müddətdən sonra Azərbaycan xalqının öz müstəqilliyinə qovuşduğunu vurğulayıb. Baş konsul 20 Yanvar faciəsinin bəşəriyyət əleyhinə cinayət olduğunu vurğulayıb, lakin Azərbaycanın o vaxtkı rəhbərliyinin faciənin gerçək miqyas və mahiyyətini vaxtında dünya birliyinin diqqətinə çatdırmamasının, əksinə, ört-basdır etməyə çalışmasının, cinayət materiallarının bir çoxunun Moskvaya aparılaraq indiyədək açılmamasının bu cinayətin hələ də beynəlxalq müstəvidə öz hüquqi qiymətini tapmamasına səbəb olan əsas amillərdən olduğunu diqqətə çatdırıb. Baş konsul o vaxt Azərbaycan xalqı adından yeganə siyasi etiraz bəyanatını Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, imperiyanın mərkəzində onlarla yerli və xarici kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında verilən bu bəyanatın o zaman böyük əks-səda doğurduğunu, xalqımızın etiraz səsinin həmin dövrdə ilk dəfə məhz bu bəyanat nəticəsində dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını və bir neçə il sonra isə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamentində də bu faciəyə hüquqi-siyasi qiymət verən qərar qəbul edildiyini bildirib.

Baş konsul 20 Yanvar tarixinin təkcə bir hüzn günü kimi deyil, eyni zamanda kədərlə qəhrəmanlığın birgə nümunəsi, qürur və şərəf günü kimi də Azərbaycan xalqı tərəfindən daim qeyd edildiyini vurğulayıb.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən "19 yanvar və bir gün sonra" adlı sənədli film nümayiş etdirilib və şəhidlərin xatirəsinə ehsan verilib. Mərasimin sonunda faciəyə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu vərəqələr, DVD filmlər, qəzet və digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış Qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət foto-stendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olublar.

Qeyd edək ki, mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə