Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi FOTO

Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi FOTO

ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsinin 23-cü ildönümü Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən "20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na müvafiq olaraq respublikanın bütün şəhər və rayonlarında, idarə və müəssisələrdə qeyd olunur, hadisənin əsil mahiyyəti, baş vermə səbəbləri geniş təhlil edilir. Dünən ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunda keçirilən tədbir də bu mərasimlərin tərkib hissələrindəndir.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və 20 Yanvar hadisələrini əks etdirən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov ulu öndər Heydər Əliyevin bu fikirlərini bir daha xatırlatdı: "Bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq hadisə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən hadisənin şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik." Bu fikir də hər zaman önə çəkilir ki, 20 yanvar hadisəsi ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir.

F.İsmayılov bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğurunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu dünyaya nümayiş etdirdi. İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi.

İnstitutun əməkdaşı Səyyad İbrahimov 20 Yanvar hadisələrinin baş vermə səbəbindən geniş bəhs etdi. Bildirdi ki, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakını işğal edərək qırğın törədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. O dövrdə nəinki qanlı Yanvar hadisələrinə siyasi qiymət verilmədi, qırğınların törədilməsinin səbəbkarlarının, günahkarlarının adları belə xalqa açıqlanmadı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev oldu. Belə ki, ulu öndər 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək faciəni törədən şəxsləri kəskin tənqid etdi, bu hadisəni hüquqa, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdi.

Çıxışlarda o da qeyd edildi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider Heydər Əliyev bildirmişdir ki, xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilmişdir. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov qeyd etdi ki, Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. Bildirildi ki, Bakı faciələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar qədər günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan AXC-Müsavat rəhbərləri xəyanətkarlıqlarını nümayiş etdirdilər.
Vurğulandı ki, amma mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi. Əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir.

"İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məqsədli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirdi. Qeyd etdi ki, 20 yanvar eyni zamanda qürur, şərəf günümüzdür.

V.Rəhimzadə bildirdi ki, bu hadisələri faciələrimiz kimi təhlil edərkən, eyni zamanda onların sonrakı proseslərin inkişafında nə kimi təsir göstərdiyini də yaddan çıxarmamalıyıq. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. 20 Yanvar hadisələri zamanı şəhid olan oğul və qızlarımız vətənin azadlığı, suverenliyi uğurunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnək oldular. Aforizmə çevrilən "Torpaq uğrunda ölən varsa, Vətəndir" fikri də deyilənlərin təsdiqidir. Bu gün hər bir azərbayanlının and yerinə çevrilmiş Şəhidlər xiyabanında uyuyan oğul və qızlarımızın ruhu o zaman şad olar ki, ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Xalqımız tam əmindir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu problemimiz öz ədalətli həllini tapacaq.
Çıxışlarda ümumi fikir bu oldu ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onların milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.


Bütün xəbərlər Facebook səhifəmizdə