Mərkəzi Bankın kollektivi 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinin 23-cü ildönümü münasibəti ilə keçirdiyi toplantıda şəhidlərin xatirəsini ehtiramla yad edib.
SİA-nın xəbərinə görə, toplantı iştirakçıları 1990-cı ilin 20 Yanvar hadisələrini Azərbaycan xalqının faciəsi kimi deyil, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsi kimi qiymətləndiriblər. Tədbirdə XX əsr tarixində totalitarizmin ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycana qarşı işlədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl olduğu vurğulanıb.
Tarixmizin qanlı səhifəsinə nəzər salınaraq qeyd edilib ki, həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə xüsusilə vurğulanıb ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Ümummilli lider Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirib.
Bu siyasət Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın artan siyasi, iqtisadi və hərbi gücü nəticəsində ölkəmiz dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınır.
Tədbirin sonunda isə bu faciə nəticəsində xalqımızın qəhrəmanlıq salnaməsinə yazılmış qanlı tarixin heç zaman unudulmayacağı bir daha vurğulanıb və Mərkəzi Bank əməkdaşlarına 20 yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB