Nəqliyyat Nazirliyində 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilmişdir. Nazirlikdən SİA-ya verilən məlumata görə, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədən, 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrdən danışıb. Nazir müavini bildirib ki, azadlığa, müstəqilliyə can atan xalqımız 1990-cı il yanvarın 20-də həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Tədbirdə qeyd olunub ki, Bakının küçələrinə və meydanlarına çıxaraq imperiyaya qəti etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhid olublar. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsi bu səbəbdəndir ki, hər il ümumxalq hüzn və qürur günü kimi qeyd edilir.
Sonda 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrlə bağlı videosüjet nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB