Araz YAĞUBOV,
"Yaşıl çay" yunalının təsisçisi
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Çünki Vətən şəhidləri ilə ucalır. 23 il öncə xalqımız qırmızı imperiyanın vəhşi ordusunun, Sovet hərb maşınının təcavüzünə məruz qaldı. Heç kimə - uşağa, qocaya, qadına rəhm edilmədən silahsız, günahsız insanlar gülləbaran edildi.
20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və xüsusi kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı.
Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan xalqımızın dahi oğlu Ulu öndər Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonansa səbəb oldu. O gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün "Azadlıq!" sədası göylərə qalxdı.
Müqəddəs "Qurani-Kərim"də buyurulur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz". Şəhidlik ölümlərin ən şərəflisidir. Qanlı 20 Yanvar gecəsində canlarını Vətənə fəda edən igid oğul və qızlarımız doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini yüksəldilər.
20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Həmin günlər Cənub bölgəsində də gərgin vəziyyət yaranmışdı. Azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı. Cəlilabad və Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. Neftçala və Lənkəranda idarəetməni itirən dövlət orqanları iflic vəziyyətə düşmüşdü. Sovet qoşunlarının döyüş texnikası burada da qan tökməyə tam hazır idi. Bu mənfur niyyətini Bakıda həyata keçirmiş ordunun cəza dəstələri əvvəlcə Neftçalaya yollanaraq azadlıq mücahidlərini qanlarına boyadılar. Növbə Lənkərana çatdı. Qanlı yanvar günlərində xalqımızın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i Lənkəran torpağının övladlarıdır. Onlardan beşi- Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanlarından olublar. Yanvarın 25-dən 26-na keçən gecədə isə daha altı nəfər- Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus desantçıları tərəfindən Lənkəranın Haftoni meşəliyində vəhşicəsinə qətlə yetirilidlər.
Lənkərana yeridilən rus hərbçiləri dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha dramatik hal aldığını görən fəallar dağlıq meşə zolağına çəkildilər ki, əhaliyə heç bir xətər toxunmasın. Amma adamların gözünü qorxutmaq istəyən istəyən zorakı ordunun vəhşiləşmiş desantçıları dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamları güllə "yağış"ına tutdular. Nəticədə 6 lənkəranlı vətənpərvər şəhid oldu.
Bu gün Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Burada şəhidlərin xatirəsi daim əziz tutulur. Ötən illərdə başdan-başa yenidən qurulmuş, parlaq qara mərmərlərlə üzlənmiş abidə kompleksində geniş abadlıq işləri həyata keçirilib. Şəhid məzarlarının və əbədi məşəl kompleksinin ətrafında nümunəvi səliqə-sahman yaradılıb. Şəhər ictimaiyyəti , məktəblilər daim bura baş çəkir, xalqımızın azadlığı uğrunda şəhid olanların xatirəsini daim yad edirlər.
20 Yanvar Azərbaycan xalqının tarixində təkcə matəm günü deyil. Biz həm də xalqımızın qürur günüdür. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalı, hamımız ölkə rəhbərliyi, cənab prezidentimiz İlham Əliyev ətrafında sıx birləşməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB