Yanvarın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvlərinə başsağlığı verdikdən sonra,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Sovet qoşunlarının törətdiyi qətliamdan danışaraq qeyd edib ki, bu, SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı Bakıda törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı idi. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər öz kreslolarını qorumaq üçün imperiya qoşunlarını Bakıya dəvət etdilər.
İcra başçısı sonra AXC-Müsavat cütlüyü hakimiyyəti dövründə bu faciəyə siyasi, hüquqi qiymətin verilmədiyini vurğulayaraq yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dahi rəhbərin qətiyyəti və iradəsi ilə bu qanlı faciəyə hüquqi qiymətin verildini diqqətə çatdırıb. Taleh Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində hər il Hüzn günü kimi ehtiramla qeyd edilməsindən bəhs edərək, azadlıq mücahidlərinin əziz xatirəsinin həmişə dövlətimiz və xalqımız tərəfindən əziz tutulduğunu, onların ailə üzvlərinin qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edib.
"20 Yanvar" cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, görüşdə iştirak edən şəhid ailələrinin üzvləri onlara və əlillərə göstərilən qayğıya görə dövlət başçısına, səmimi qəbula görə İcra başçısına minnətdarlıqlarını bildirdilər, sonda bir sıra təkliflərin söyləyiblər.
Görüşdə iştirak edən şəhid ailələri üzvlərinə və əlillərə İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.
Tədbir N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının əməkdar artisti Adil Zeynalovun quruluş verdiy "20 Yanvar, Qanlı Yanvar" adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi şagirdlərinin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.
Sonra Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş olunan ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sərraf MİRSƏFƏROĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB