MİRAS-ın Skopyedə seminarı keçirilib

MİRAS-ın Skopyedə seminarı keçirilib

Makedoniyanın paytaxtı Skopye şəhərində Gənclərin Mədəniyyət Mərkəzində MİRAS İctimai Birliyi və Arxeologiya Assosiasiyasının tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği mövzusunda birgə seminarı keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, seminarı giriş sözü ilə Arxeologiya Assosiasiyasının prezidenti Radomir İvanoviç açıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Ağsu arxeoloji ekspedisiyasının rəisi, MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Qafar Cəbiyev Azərbaycanda tarixi-mədəni irsə göstərilən dövlət qayğısından və bu sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti barəsində ətraflı məlumat verib. Natiq çıxışında təəssüf hissi ilə belə bir məqamı xüsusi olaraq vurğulayıb ki, 20 ildən artıq müddət ərzində Qarabağ müharibəsi və ərazilərin 20 faizinin hələ də Ermənistan tərəfəindən işğal altında saxlanması tarixi-mədəni irsin müqəddaratı üçün çox ciddi problemlər yaradır.

Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli öz çıxışında rəhbərlik etdiyi qurum tərəfindən Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya işləri və bütövlükdə mədəni irsini təbliği sahəsindəki fəaliyyəti və Azərbaycanda arxeoloji turizmin inkişafı baxımından qazanılan uğurlar barədə danışdı. Seminar iştirakçılarına tarixi-mədəni irsin tədqiqi, konservasiyası, təbliği və arxeoturizmin inkişafını əks etdirən video görüntülər təqdim olundu.

Arxeologiya Assosiasiyasının prezidenti Radomir İvanoviç rəhbərlik etdiyi qurum haqqında, son illər assosiasiyasının gördüyü işlər, o cümlədən könüllülərin arxeoloji aşkara çıxarılması, qeydiyyata alınması və qorunması sahəsindəki iş təcrübəsi barəsində geniş məlumat verdi.
Daha sonra seminar işgüzar dialoq və qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirildi.

Sonda birliyin sədri Fariz Xəlilli Radomir İvanoviçə MİRAS İctimai Birliyinin Dostu fəxri diplomunu təqdim etdi. Seminar iştirakçılarına Heydər Əliyev Fondu, SEBA (Koreya Azərbaycan Mədəniyyət Mübadiləsi Assosasiyası) və MİRAS İctimai Birliyi adından kitab, albom, broşür və disklər hədiyyə edildi. Tərəflər bu cür dialoq və əlaqələri gələcəkdə də davam etdirmək, bu yolla qarşılıqlı təcrübə mübadiləsi aparmaq barəsində razılığa gəldilər.

Bütün xəbərlər Facebook səhifəmizdə