"20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir”

"20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir”

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

SİA-nın verdiyi xəbərə görə, tədbirdə Prezident Administrasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, 20 Yanvar Cəmiyyəti və digər təşkilatlardan dəvət olunmuş şəxslər iştirak ediblər.

Mərasimdə şəhidlərin ruhu yad edildikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra 20 yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub. Mərasimə dəvət olunan rəsmi şəxslərin çıxışlarından sonra Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, bu müsabiqə iki mərhələdə keçirilib. Rayon mərhələsindən qalib çıxmış şagirdlər Bakı şəhər mərhələsinə vəsiqə qazanıblar.
Tədbirin keçirilməsində əsas məqsəd 20 yanvar faciəsinin 23-cü ildönümünün qeyd edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinin doğma vətənə olan sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə