20 Yanvar faciəsi nədən törəndi?

Politoloqlar "Səs" qəzetində keçirilən dəyirmi masada bu suala cavab axtarıblar
20 Yanvar faciəsi nədən törəndi?

20 Yanvar faciəsinin baş verməsinin bir neçə səbəbi var. Birincisi, dağılmaqda olan SSRİ-nin ərazisində yaranacaq yeni dövlətlərin, o cümlədən Azərbaycanın təsir altında saxlanılması üçün zəmin hazırlanırdı. Həmin dövrdə Sovet cəmiyyətində SSRİ-nin dağılacağı ilə bağlı söhbətlər geniş yayılmışdısa, rəhbər strukturlarında artıq bunun həm hüquqi, həm iqtisadi, həm də hərbi nəticələri barədə ciddi məlumatlara malik idi. İkinci səbəb isə Azərbaycanın 1988-ci ildə Ermənistanın torpaq iddialarına qarşı qalxan xalq hərəkatını söndürməkdən ötrü Moskvanın atdığı amansız addım idi. SİA-nın verdiyi xəbərə görə, bu sözləri "Səs" qəzetinin konfrans zalında 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə keçirilmiş dəyirmi masada millət vəkili Aydın Mirzəzadə səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarına sahib olmaq istəyən erməni millətçiləri onların arxasında duran SSRİ rəhbərliyinin dəstəyi ilə torpaqlarımızı işğal edib Ermənistana birləşdirmək istəyirdilər: "SSRİ rəhbərliyi Azərbaycan cəmiyyətini susdurmağın qeyri-mümkün olduğunu görüncə hərbi yolla öz istəyinə çatmaq istəyirdi. Ümumiyyətlə, o dövrkü rəhbərlik son on illiklərdə insanlarla danışmağın başqa yolunu bilmirdi. Bu dövrdə xalq hərəkatının genişlənməsinə baxmayaraq hərəkatı düzgün yönləndirəcək liderlərinin olmaması da bu prosesin ağır nəticələrinə gətirib çıxardı. 20 Yanvar faciəsi olmayada bilərdi bu şərtlə ki, rəhbərlik imperiyanın dağılmasını sivil yolla həyata keçirərdi".

Dəyirmi masa iştirakçısı, tarix elmləri namizədi Firudin Cümşüdlü bildirib ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov tarix boyu ermənilərə kömək göstərib, onlara havadarlıq edib: "20 Yanvar faciəsi imperiyanın dağılma prosesini daha da sürətləndirdi. M.Qorbaçov xalqları qorxutmaq məqsədilə sovet ordusunu Azərbaycan paytaxtına yeritdi. Tarix boyu ermənilər sədaqətlə ruslara xidmət göstərmişlər. Hər kəsə məlumdur ki, Mixail Qorbaçov 20 Yanvar hadisələrinin törədicisi və başçısıdır. Buna baxmayaraq dünya ictimaiyyəti bu fakt qarşısında susur. Hətta o Nobel mükafatına belə layiq görülüb. Bütün bunlar bir daha göstərir ki, ikili standart dünya siyasətində əsasdır. Bu gün də həmin standartlar davam edir ki, torpaqlarımız hələ də işğal altındadır".

Tədbirdə çıxış edən politoloq Cümşüd Nuriyev isə çıxışında bildirib ki, SSRİ-nin dağılması Qərbdə hazırlanmış layihə idi: "Bu layihənin gerçəkləşdirilməsi üçün artıq 80-ci illərdən fəaliyyətə başlanılmışdı. Xüsusilə, ABŞ radioları ilə bu məsələlər qızışdırılırdı. Azərbaycanda bu qırğının tez həyata keçirilməsinə mane olan faktor Azərbaycanın Moskvada Heydər Əliyev kimi lideri olması idi. 1987-ci ilədək bu qırğın həyata keçirilə bilinmədi. Milli azadlıq hərəkatının başlanması bu hadisələri daha da tezləşdirdi. Xalq hərəkatına o dövrdə demək olar ki, heç kim rəhbərlik etmirdi. Meydan hadisələrindən sonrada xalqda başıpozuqluq yaranmışdı. Bundan istifadə edən Zərdüşt Əlizadə, Leyla Yunus Xalq Cəbhəsinin idarə heyətinin dağılmasına gətirib çıxaran addımlar atmağa başladılar. Özlərini xalqın liderləri adlandıranların şəxsi iddiaları da xalq hərəkatının başqa səmtə yuvarlanmasına təkan verdi. Mərkəzi hökumətin Azərbaycandakı emissarları da bundan istifadə edərək qarşıdurmanı daha da qızışdırdı. Bunula da 20 Yanvar faciəsi qaçılmaz oldu".

Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, 20 Yanvar faciəsinin ilk partlayışı Sumqayıtda baş verdi: " Sumqayıt hadisələrin təşkil etməklə gələck planları həyata keçirmək üçün zəmin hazırlanırdı. Əvvəlcə Azərbaycanın mənfi obrazını yaratmağa başladılar. Bunun üçün hadisələrin baş verəcəyi yerlərə kameralar yerləşdirilmişdi. Bu hadisələr sübut etdi ki, Azərbaycanın taleyini hansısa bir formada həll etmək istəyirlər. 20 yanvar facisəi bir daha göstərdi ki, müstəqilliyə gedən yolda geri dönüş yoxdur".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə çıxışında bildirib ki, Sovet imperiyası dövründə müstəqil qərar verməkdən danışmağa dəyməz. Çünki bütün qərarlar Moskvadan gəlirdi: "Bu qərarlara qarşı gəlmək üçün nüfuzlu lider lazım idi. Təəssüf ki, o dövrdə hakimiyyətdə olanlar bu vəzifənin öhdəsindən gələ bilmədilər. Ancaq 20 yanvar hadisəsi mütləq baş verməli idi. Çünki bu imperiyanın xilas variantlarından biri idi".

Tədbirin sonunda müzakirələr diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə