Elm adamları 20 yanvarı "Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi" adlandırdılar
"Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi". Ümummilli lider Heydər Əliyevin bu fikirləri dünən AMEA Naxçıvan Bölməsində "Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi" mövzusunda keçirilən elmi konfransda səsləndirilib.
SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş vəhşiliklərin tariximizin ən qanlı səhifələrindən olduğunu qeyd edib.
O, vurğulayıb ki, Sovet İttifaqının dövlət terroruna qarşı, eyni zamanda erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdiyi o qanlı hadisələrə qarşı vahid milli mövqeyin nümayiş etdirilməsi səbəbindən isə bu hadisələr həm də tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən hesab edilə bilər.
Akademik İsmayıl Hacıyev deyib ki, 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib.
Qanlı qırğınlara hüquqi, siyasi qiymətin verilməsi tarixindən danışan AMEA Naxçıvan Bölməsinin sədri bu istiqamətdə ilk adımın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən atıldığını, məhz Ümummilli liderin səyləri sayəsində hadisələrə real hüquqi-siyasi qiymət verildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra elmi məruzələr dinlənilib. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından - institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov "20 yanvar faciəsinin səbəbləri və günahkarları", AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev "Heydər Əliyev və 20 yanvar faciəsinə hüquqi siyasi qiymət verilməsi", institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "20 yanvar şəhidləri - iftixar mənbəyimiz", İnstitutun əməkdaşı Nurlana Əliyeva "20 yanvar hadisələri: xalqımızın qəhrəmanlıq tarixi" İnstitutun kiçik elmi işçisi Elnur Kəlbizadə "Qanlı yanvarın ibrət dərsləri" mövzularında elmi məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, bir millət kimi sınmadığımız, əyilmədiyimiz, məğlub olmadığımız, ümummilli mənafelər uğrunda birləşə bildiyimiz, azaldığımızı və müstəqilliyimizi qanımızla və canımızla qoruya bildiyimizin sübutu olan 20 yanvar qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi əməlləri ilə yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi isə damarlarında azərbaycanlı qanı daşıyan hər bir insan üçün əzizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB