ABŞ rəsmisi Azərbaycandan getdi

Ötən gün ABŞ müdafiə nazirinin müavinin hərbi siyasi məsələlər üzrə birinci müavini Ketlin Hiks Azərbaycana səfər edib. SİA-nın məlumatına görə, səfərin məqsədi ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığı dərinləşdirməkdən ibarət olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanım Hiks təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr, o cümlədən, terrorizmlə mübarizə üzrə əməkdaşlıq, enerji təhlükəsizliyinin inkişaf etdirilməsi, hava yolu ilə yük daşımaları və dəniz yolu ilə nəqliyyat əməliyyatları haqqında müzakirələr aparıblar.

Xanım Hiks Əfqanıstanda ABŞ və Koalisiya qüvvələrinin apardıqları əməliyyatlara dəstəyinə görə, Azərbaycana dərin minnətdarlığını bildirib və hər iki tərəf 2014-cü ildə qüvvələrin çıxarılmasından sonra Əfqanıstana edəcəkləri kömək ilə bağlı öhdəliklərini təsdiq ediblər. Bundan başqa xanım Hiks Azərbaycan Respublikasının Müdafiə, Xarici İşlər və Milli Təhlükəsizlik Nazirləri ilə görüşüb. Eyni zamanda ABŞ-Azərbaycan əməkdaşlığını gələcəkdə gücləndirmək üçün təşəbbüsləri müzakirə edib.

Xanım Hiks həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yeni, ən müasir tələblərə cavab verən yük daşıma fəaliyyətləri və avadanlıqları ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə