ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş bu il fevralın 18-19-da regiona səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
B. Muradova qeyd edib ki, bu səfər təşkilatın qış sessiyasından əvvəl baş tutuacaq. Onun sözlərinə görə, ATƏT PA-nın qış sessiyası fevralın 21-22-də Vyana şəhərində keçiriləcək.
Nümayəndə heyətinin rəhbəri deyib ki, xüsusi nümayəndə Cənubi Qafqazın hər üç dövlətinə də səfər edəcək və bu səfər Azərbaycandan başlayacaq.
"J.Suareş ATƏT PA-nın prezidenti olduğu zaman Dağlıq Qarabağ münaqişəsini daim diqqət mərkəzində saxlayıb. Məhz onun səyləri nəticəsində münaqişə ilə bağlı ATƏT PA-nın 2011-ci ilin oktyabrında Xorvatiyada keçirilən sessiyasında müzakirələr təşkil edildi. Biz səfər zamanı onun "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi ilə də görüşünü təşkil etməyə çalışacağıq", - deyə, vitse-spiker vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB