AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin və "İRS –Наследие" beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə "20 Yanvar həqiqətlərinin xaricdə yayılması" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə müvafiq idarələrin nümayəndələri, elm adamları, tədqiqatçılar, respublikada fəaliyyət göstərən xarici mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş və müxtəlif dövrlərdə muzeyə hədiyyə olunmuş xalça və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdilər. Vətən azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, muzeyin direktoru, akademik Nailə Vəlixanlı xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan 20 Yanvar hadisəsindən 23 il ötdüyünü, şəhidlərin daim xalqımızın qəlbində yaşayacağını söylədi. O, bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd 20 Yanvar həqiqətlərinin xaricdə yayılmasının vacibliyini geniş ictimaiyyətə, o cümlədən xaricdə yaşayan azərbaycanlılara çatdırmaq, Azərbaycan həqiqətlərinin xaricdə təbliğatının vasitə və yollarına toxunmaq, eləcə də xaricdə aparılan təbliğat işlərində "İRS-Наследие" jurnalının yeri və rolunu göstərməkdir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımıza qarşı düşünülmüş bir siyasət olduğunu xüsusi vurğulayan N.Vəlixanlı Sovet Ordusunun, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi, habelə dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanların xüsusi qəddarlıqla və görülməmiş vəhşiliklə qətlə yetirilməsi, adamların qanunsuz həbs edilməsi haqda ətraflı məlumat verdi: "23 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər".
Tədbir çərçivəsində 10 ildən artıq fəaliyyət göstərən, Azərbaycan həqiqətlərinin xaricdə yayılmasında müstəsna rol oynayan "İrs-Наследие" beynəlxalq jurnalının bu sahədəki fəaliyyəti işıqlandırıldı. 20 Yanvar faciəsinə həsr olunmuş rus, ingilis, fransız, alman, italyan, çex, yapon dillərində çap olunan jurnal nömrələri sərgiləndi. Bundan başqa, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən toplanmış və müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 20 Yanvar hadisəsinin fotoşəkilləri nümayiş etdirildi. Sonra "Qanlı Yanvar" sənədli filmi nümayiş etdirildi.
Tədbirin sonunda iştirakçılar bildirdilər ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB