2012-ci il üzrə görülən işlərə dair hesabat

2012-ci il üzrə görülən işlərə dair hesabat

Standartlaşdırma Metrologiya və Patent üzrə DK-nin 2012-ci il üzrə görülən işlərə dair hesabatı

2012-ci il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələri tərəfindən qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi, ölkə rəhbərliyinin tapşırıqlarının icrası, dövlət proqramlarının, Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası və hökümətlərarası müqavilələrdən irəli gələn və Komitənin səlahiyyətlərinə aid olan öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq işlər aparılıb.

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti və Dövlət Metrologiya Xidməti yaradılıb. Komitədən SİA-ya verilən məlumata görə, texniki tənzimləmə və standartlaşdırma sahəsinin inkişaf etdirilməsi və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, sahə üzrə xidmət orqanlarının işlərinin əlaqələndirilməsi, onlara metodik köməkliyin göstərilməsi məqsədilə Komitədə müvafiq işlər görülüb.

2012-ci ildə yeni "Texniki tənzimləmə haqqında" Qanun layihəsi üzərində işlər tamamlanıb və həmin qanun layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub. "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyası üzərində işlər tamamlanıb və 2013-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.
Ölkənin standartlaşdırma sisteminin vacib tərkib hissəsi olan Standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Texniki Komitələr tərəfindən ekologiya, turizm, informatika, rəqəmsal televiziya, keyfiyyətin idarə edilməsi, qida və digər standartlar təsdiq edilmişdir. Hesabat dövrü ərzində ölkə iqtisadiyyatı üçün vacib istiqamətlər üzrə yeni Texniki Komitələr yaradılıb: TK 11-"Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika"; TK 14-"Mebel sənayesi məhsulları"; TK 15-"Taxıl və un məmulatlarının standartlaşdırılması" Texniki Komitələri təsdiq olunmuş və fəaliyyət planı üzrə işləri həyata keçirirlər. 2012-ci il ərzində beynəlxalq normalarla harmonizə edilmiş 139 milli standart dövlət qeydiyyatına alınmışdır (rabitə və informasiya texnologiyaları üzrə - 9; nəqliyyat vasitələrinin təhlükəsizliyi üzrə- 82; tikinti materialları sahəsi üzrə - 26; yeyinti məhsulları üzrə - 4; turizm üzrə - 2; uyğunluğun qiymətləndirilməsi və keyfiyyətin idarə olunması üzrə - 6; digər sahələr üzrə - 7 standart).

2012-ci ilin iyun ayında Bakı şəhərində Komitə və İSO tərəfindən Mərkəzi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin standartlaşdırma üzrə milli orqanlarının rəhbərləri üçün Forum təşkil olunub.

Komitədə standartlaşdırma sahəsində aparılan islahatlar barədə məlumat "Texniki qaydalar, könüllu standartlar, uyğunluğun qiymətləndirilməsi və bazara nəzarət üzrə dövlət sistemində islahatlar üzrə 11-ci panel iclas"-ında Avropa İttifaqı (İsveç Krallığı, Stokholm), İSO-nun 35-ci Baş Assambleyasıında (ABŞ, San Dieqo), Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 42-ci iclasında (Rusiya Federasiyası) məruzə olunub.

Metrologiya sahəsi üzrə normativ-hüquqi bazasının təkmilləşdirilməsi, xidmət orqanlarının işlərinin əlaqələndirilməsi, onlara metodik köməyliyin göstərilməsi, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanını, "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2007-ci il 174 №-li Qərarını rəhbər tutaraq təsdiqedici sənədlərin verilməsi ilə bağlı Komitədə işlər aparılıb.

İl ərzində 189 ədəd müəssisəyə, o cümlədən 67 yanacaqdoldurma məntəqəsinə, 16 maye-qaz doldurma məntəqəsinə, 2 əlvan metalla bağli sahələrə, 64 tibbi fəaliyyətinə, 1 ədəd kartoqrafiya sahəsinə, 13 alkoqollu içkilər sahəsinə, 26 əczaçılıq fəaliyyəti ilə məşğul olmağa lisenziya alınması üçün Komitə tərəfindən müvafiq rəylər verilib. Hesabat dövründə 257 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilib. Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi ölçülərinin təyin edilməsi məqsədi ilə Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 215 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib.

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi üzərində işlər davam etdirilib. Qanun layihəsi Milli Məclisin iclaslarında I və II oxunuşdan keçmiş və III oxunuşa təqdim edilib.

Komitənin Metrik Konvensiyanın Ölçülər və Çəkilər üzrə Baş Konfransına müşahidəçi üzv qismində qoşulması ilə əlaqədar müvafiq sənədlər hazırlanıb. Komitə ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində yaradılan Etalon Dozimetrik Laboratoriyasının binasının tikintisi başa çatdırılıb. Laboratoriyanın dozimetrik və rentgen avadanlıqları ilə təchiz edilməsi məqsədi ilə qamma və rentgen şüalandırıcı qurğular və 2 ədəd radioaktiv mənbə alınıb. Spektrometriya laboratoriyasının avadanlığının alınması isə 2013-cü il üçün nəzərdə tutulub. Laboratoriyada avadanlıqların quraşdırılması və istismara verilməsinə 2013-cü ilin yanvar ayında başlanılması nəzərdə tutulur.

2012-ci ildə akkreditasiya sahəsində Komitədə bir sıra tədbirlər həyata keçirilib. Komitə tərəfindən milli akkreditasiya sisteminin əsas prinsiplərini özündə əks etdirən "Akkreditasiya haqqında" Qanun layihəsi hazırlanıb. Qanun layihəsi Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının standartlarına və digər normativ sənədlərinə əsasən sınaq, kalbrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilmə fəaliyyətini tənzimləyəcək.
Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən Milli Akkreditasiya Sisteminin tələblərinə uyğun 119 sınaq və 21 kalibrləmə laboratoriyası, 10 keyfiyyəti idarə etmə sistemlərini sertifikatlaşdıran orqan, 2 personalın, 12 oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan və 8 inspeksiya xidmətləri göstərən orqan akkreditasiya edilib.

2012-ci ilin 30 oktyabr tarixində Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində qəbul olnub.
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 1138 təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb. Bunların 517-i ərzaq məhsulları, 418-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 193-ü isə metroloji nəzarətlə bağlı olub. Ümumilikdə aparılmış yoxlamalar zamanı 833 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, 833 iradnamə və 455 tələbnamə verilmiş, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilmişdir. Unlu-qənnadı məmulatları 6, çörək məmulatları 66, dönər istehsalı 4, toyuq əti istehsalı 2, süd məhsulları 21, alkoqolsuz içkilər 23, mebel istehsalı 1, profil istehsalı 2, tikinti materialları 4, asfalt istehsal edən 2 təsərrüfat subyektlərinə istehsalın və satışın qadağan olunması barədə tələbnamələr verilib. Məhsullardan götürülmüş nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib və bu səbəbdən ümumi dəyəri 126,874 manat olan 18 ton yağ, 570 litr qabalaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi, 60 kq Bakı paxlavası, 438 kq müxtəlif növ kolbasa məmulatları, 1050 kq qənd rafinadı, 10056,6 litr alkoqolsuz içki dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə inzibati qaydada cərimələr tətbiq edilmiş, cərimələrin ümumi məbləği 306.500 (üç yüz altı min beş yüz ) manat təşkil edib. 48 müəssisə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilib.

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 22.856 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, 768 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.

2012-ci il ərzində Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində normativ-hüquqi və informasiya bazasının təkmilləşdirilməsi və genişləndirilməsi, qüvvədə olan mövcud qanunvericiliyə və Azərbaycan Res­publikasının tərəfdar çıxdığı beynəlxalq saziş və müqavilələrə uyğun ola­raq hüquqi və fiziki şəxslərdən sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qə­bu­lu, dövlət ekspertizasının aparılması və ekspertizanın nəticəsi əsasında onların qeydiyyatı, müvafiq mühafizə sənədlərinin verilməsi, hüquqların ve­ril­məsinə dair müqavilələrin və istifadəyə dair lisenziya müqavilələrinin qey­diyyatı, əmtəə nişanlarına dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosundan göndərilən iddia sənədlərinin ekspertizası, sənaye mülkiyyəti sahəsinə dair digər işləri həyata keçirib. 2012-ci ildə ixtiralara dair 111 pa­tent ve­rilib, on­­lardan 105 ədədi milli, 6 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 10 patent qeydiyyata alınıb ki, onlardan da 8 ədədi milli və 2 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 17 pa­tent ve­­ril­ib, on­­lardan 4 ədədi milli, 13 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Hesabat dövründə Əm­təə nişanlarının Dövlət re­­­yest­rin­də 1211 ədəd əm­təə ni­şanı qey­də alınaraq sahiblərinə verilib. Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 152 ədəd, şəhadətnəmənin qüvvədə olma müddətinin uzadılması barədə 415 ədəd, əmtəə nişanına dair dəyişiklər edilməsi haq­qın­da 497 ədəd bildiriş qeydiyyata alınıb, 9 ədəd dublikat, 27 ədəd çıxarış verilib.

2012-ci ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılması (2011-2013)" layihəsi çərçivəsində işlər həyata keçirilib. Layihə üzrə əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması, Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması, Tədris Mərkəzinin yaradılması istiqamətində işlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə